Gürcüstanda Bakını işğaldan azad edən türk əsgərlərinin məzarı axtarılır
14.09.2020 14:18
383
Mədəniyyət
A
Gürcüstanda Bakını işğaldan azad edən türk əsgərlərinin məzarı axtarılır
Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində Bakının işğaldan azad edilməsində iştirak etmiş 7-8 türk əsgərinin məzarlarını müəyyənləşdirmək mümkün olmayıb". Aktual.ge xəbər verir ki, bunu Report-a Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan bildirib. Onun sözlərinə görə, rayonun Sadaxlı kəndində bir türk əsgərinin dəfn olunduğu barədə məlumatlar daxil olub: “Hazırda həmin məzarla bağlı araşdırmalar aparılır”. Sadaxlı sakinləri Report-a Qafqaz İslam Ordusunun əsgərinin kənd qəbiristanlığında dəfn edildiyini təsdiqləyiblər. Onların sözlərinə görə, məzarın başdaşı taxtadan olduğundan uçulub-dağılıb və onun yerini müəyyən etmək çətinləşib. Həmin hərbçinin bir neçə il Sadaxlıda yaşadığı və ondan bəzi şəxsi əşyaların yadigar qaldığı da bildirilib. Qeyd edək ki, sabah Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümüdür. 1918-ci ilin avqust-sentyabr aylarında Türkiyənin hərbi qüvvələri Azərbaycana Gürcüstan vasitəsilə piyada yollanıb. Hərbçilərin bəziləri Gürcüstandan keçməklə Türkiyəyə qayıdarkən vəba və digər xəstəliklərdən vəfat edib. Marneulin rayonunun Qızılhacılı kəndinin bəzi ağsaqqaları kənd qəbiristanlığında 7-8 türk əsgərinin məzarlarının olduğunu iddia edirlər. Ötən ilin mayında Türkiyə səfiri kəndə səfər edərək məzarlığın olduğu deyilən yerə baş çəkib. Məzarlığın aşkarlanacağı təqdirdə onun abadlaşdırılması və xatirə lövhəsinin quraşdırılması planlaşdırılır. 
ŞƏRH YAZ
1