Müəllim kimdir? - Elvir Həsənoğlu yazır
16.09.2020 19:00
140
Mədəniyyət
A
Müəllim kimdir? - Elvir Həsənoğlu yazır
Bir gün L. N. Tolstoyun bir cümləsini oxudum. Bu cümlə əbədi olaraq qəlbimə və ağlıma yazıldı. O deyir, əgər bir müəllim öz işini sevirsə, sadəcə yaxşı bir müəllim ola bilər. Yox, əgər o, həm işini, həm də şagirdləri sevirsə, o, mükəmməl bir müəllim və həmçinin mükəmməl bir insan olacaq. Onun formalaşdırdığı şagirdlər isə mükəmməl olacaqlar. Dünyaya gələn hər bir insanın, özü üçün çəkdiyi bir yol var. Həmin o yolla çalışır ömrünün sonuna kimi davam etsin. Kimisi uğurlu, kimisi isə uğursuz olur. Yuxarıda qeyd etdiyim cümləni və Grigory Petrovun “İdeal Müəllim” əsərini oxuduqdan sonra düşündüm ki, mənim üçün bu yol – məktəbdir. Öncə öyrənib, sonra öyrətməkdir. Yalnız məktəbdə şagirdlərlə istədiyim münasibəti qurub, onlara olan sevgimi göstərə biləcəyimə inanıram. Bu isə məni xöşbəxt edir. Həyatını təhsilə həsr edən bir şəxs yalnız bazar ertəsindən cümə gününədək və sadəcə məktəb dərslərini tətbiq etməklə qısıtlansa, müəllim ola bilməz. Bütün şagirdləri sevmək, hər bir uşağa qarşı diqqətli olmaq, çətin anlarında ona dəstək olmaq - bütün bunlar yalnız ürəyin çağırışı, ruhun hərəkəti ilə mümkündür. V.O. Klyuchevskiy deyirdi: “Tətbiq etdiyiniz dərsləri və öyrətdiyiniz şagirdləri sevin”. Şagirdləri sevmək lazımdır... Bəli, sevmək, yəni onların proqramlaşdırılmış varlıqlar deyil, öz xarakterləri, xasiyyətləri və vərdişləri olan fərdlər olduğunu başa düşmək deməkdir. Anlamaq lazımdır... Anlamaq ki, dünyada bacarıqsız şagirdlər yox, əksinə şagirdin bir şəxs, bir fərd olduğuna inanmaqdan qorxan kar və kor böyüklər var. Anlamaq, təkcə mən, müəllim olaraq, uşağı öyrətmirəm, əksinə o, mənim şagirdim olaraq, öz kiçik həyat təcrübəsinə baxmayaraq mənə həyatı dərk etməyə kömək edir. Deməli, eyni zamanda qarşılıqlı öyrəndiyimiz ortaya çıxır. Birgə yaradıcılıq, əməkdaşlıq - yalnız bu zaman müəllim kimi formalaşmağa başlayırıq. Çox vaxt qohumlarım və dostlarım müəllim olaraq işləməyin çətin olub-olmadığını soruşurlar. Təbii ki, kiminsə asan olduğunu söyləməsi ehtimalı çox azdır. Mən də burada istisna deyiləm. Məktəb – hər növbəti gün keçən gündən daha maraqlı olan, daima maraqlı yeniliklər axtaran, heç vaxt ikinci dərəcəli və lazımsız işlərə vaxt ayıra bilməyən ən heyrətamiz bir ölkədir. Vacib olan, əhəmiyyətsiz yanaşmamaq, vaxt itirməmək və gecikməmək lazımdır. Zaman ən böyük dəyərdir, onu xırda şeylərə xərcləmək böyük itkidir. Tarixdə qalan hər bir dahi müəllim nəinki sadəcə öyrədirdi, onlar, həmçinin ömürlərinin sonlarına kimi ən səmərəli vaxtlarını öyrənməklə keçirdilər. Öyrənməyi dayandırsaq, öyrədə bilmərik. Hər bir insan dünyaya göz açdığı ilk gündən həmişə öyrənməlidir. Məktəbə qədər valideynləri, sonra isə müəllimləri onlar üçün nümunə olmalıdır. Bir anlıq ilk müəllimimi xatırladım. O həqiqətən də mənim üçün valideynlərimdən sonra həyatımda növbəti nümunəm idi. Dünyada heç bir ixtisas özünü inkişaf üçün bu qədər müxtəlif imkanlar təmin etmir. Müəllim olmaq – məgər bundan böyük xoşbəxtçilik varmı? Deyirlər ki, müəllim olunmur, müəllim doğulur. Bu cümləyə zidd fikir bildirmək istəmirəm. Ancaq mənə görə hər bir müəllim məqsədyönlü və istedadlı insan olmalıdır. Daima, sonuna kimi ən dəyərli vaxtını öyrənməyə xərcləməlidir. Müəllim – müəyyən bir mövqe tutmasına baxmayaraq, karyerist olmamalıdır. Necə ki, məktəbin daxilində müəllimdir, məktəbi tərk etdikdən sonra da, müəllim kimi qalmalıdır. Mənə görə müəllim, həmçinin sənətkardır. Mənim rolum bir-iki saat deyil, uzun illər dəvam edəcəyinə inanıram. Mən rolumu oynayıram, tamamilə daxilimdə yaşayıram, başqalarının naminə özümü qurban verirəm. Müəllim həkimdir. Bədəni deyil, ruhu müalicə edən bir həkim. İllərdir bir çox “pasientləri” müalicə etməsinə baxmayaraq, çox təəssüf ki, bir çoxumuz müalicə olmağa cəhd bilə etmirik. Ancaq illər keçdikdən sonra həmin “pasientlər” nələr itirdiklərini anlayırlar. Çox təəssüf ki, bu xəstəlik cəmiyyətimizdə yoluxucu xəstəliklərdən birinə çevrilib. Gələcək nəsilimizi bu xəstəlikdən xilas etmək üçün gənclərimizə bu boşluğu doldurmağı tövsiyə edirəm. Bu gün məktəblərimizin sizi kimi gənc müəllimlərə ehtiyacı vardır. Ancaq siz həkim (müəllim) olub, həm cəmiyyəti, həm də gələcək nəsili xilas edə bilərsiniz. Müəllim inşatçıdır. İnsanın taleyini qurur. Ancaq tikinti zamanı onların betondan deyil, kristaldan hazırlandığını unutmamalıdır. Bir səhv söz, səliqəsiz hərəkət və o qədər uzun müddət tikdiyi bütün binanı qırıb yerlə yeskən edə bilər. Siz gənclərə bir daha müraciət edirəm, gəlin cəmiyyətimizi ən hündür göydələnlərlə dolduraq. Gənc bənnaların sayı nə qədər çox olsa, o qədər tez inşa edilər. Müəllim mentor və tərbiyəçidir. O özünü təlim və təhsildə yaradıcılıq ruhunun yaradıcısı hesab etməlidir. Əgər müəllim yaradıcı olsa, onun şagirdləri də daima yeni idealar və fəaliyyətlər arxasında olacaqlar. Yenə bunu da siz, gənc müəllimlər edə bilərsiniz. Şagirdlərimizin düşüncələrinin düzgün formalaşması üçün savadlı gənc nəsilə ehtiyacımız var. Müəllim valideyndir. Hər gün uşaqların işıqlarını biz müəllimlər yandırırıq və onların ailədə valideynlərdən gördüyü istiliyi unutmamalıyıq. Onlara öz övladlarımız kimi davranmalı, həmçinin onlar elə bizim gələcəyim olduqlarını unutmamalıyıq. Demək istədiklərim odur ki, onlarla necə davransaq, elə o cür də gələcək qurmuş olarıq. Burada yenə gənclərimizə müraciət edirəm. Gəlin bu məsuliyyətli işdə övladlarımızın sağlam təfəkkürə sahib olmalarında dəstək olaq. Müəllim olmaq, müasir bir uşağın müasir informasiya dünyasında yaşadığını başa düşməkdir, buna görə bu gün sadəcə illərin tədris metodikasını bilmək kifayət deyil. İnnovativ texnologiya bilgilərinə sahib olmaq, təhsil prosesində rəqəmsal və elektron mənbələrdən səmərəli istifadə etmək lazımdır. İndiki uşaqlar kompüter, smartfon, planşet, noutbuk və netbuk, e-kitablarla tərbiyə olunur... Bəzən mənə elə gəlir ki, indiki uşaqlar bizdən daha çox şey bilir və onları qane etmək üçün biz irəli getməyə, daim təkmilləşdirilməyə məcbur oluruq. Yenə də bütün bu proqramları öyrənib, gələcək nəsilə öyrətməqdə məsuliyyət yenə də siz dəyərli gənc müəllimlərin üzərindədir. Bəs bir şəxs həm müəllim, sənətkar, həkim, valideyn, inşaatçı və tərbiyəçi olmağa gücü haradan alır? Mən bu sualın cavabını bilirəm, ona görə də bu şərəfli ixtisasa sahib olmağı bacardım. Öz gücünüzə və hər gün sizə ümidlə baxan yüzlərlə şagirdin gözlərində gördüyünüz istedada inanmalısınız. Mən buna inanıram. Müəllimin hər bir dərsi kiçik bir tamaşaya bənzəyir. O burada şagirdlərin ruhlarının incə simlərinə toxunur. Əgər onlar tək bir melodiya kimi səslənirsə, deməli müəllim öz müqəddəs vəzifəsinə əməl etmişdir. İnanıram ki, mənim ən yaxşı dərsim hələ gələcəktədir. Həyatın özü bunu davam etdirəcək. Həmişə düşünürəm, görəsən mənim dərslərim uşaqlara Sevgi, Yaxşılıq, Şərəf, Ədalət, Ləyaqət, Peşəkarlıq rəmzini aşılayacaqmı. Və buna inanıram - Olacaq! Və son olaraq bunu demək istəyirəm: Çox xoşbəxt yaşayıram. Səbəbi maddiyət deyil, Sevdiyimdəndir. Mən yüksək səslə olan, uşaq gülüşlərini sevirəm, Onların üzündə gördüyüm təbəssümü sevirəm, Onları necə də xoşbəxt olduqlarını gördüyümü sevirəm, Mənimlə olan münasibətlərini sevirəm, Mənə olan etibarlarını sevirəm, Uğurlarını müşaidə etməyi sevirəm. Axı onların uğurları elə mənim də uğurumdur. Məni kim əhatə edirsə, hamısını sevirəm. Axı yaxınlarımı sevməmək günahdır! Mənim əzizlərim, yazımın əsas məqsədi cəmiyyətimizdə gənc müəllimlərə olan ehtiyacdır. Siz dəyərlilər bu boşluğu doldursanız, əmin olun ki, tez bir vaxtda bütün sahələrdə olan problemlər öz həllini tapacaq. İki şeyi daima qulağımıza sırğa edək: 1. Bir cəmiyyətin xilası məktəblərdən başlayır. Bu isə sağlam təfəkkürlü müəllimlərin əlindədir. 2. Dünyanı sevgi və təhsil xilas edəcək. Bu isə yenə sağlam təfəkkürlü müəllimlərin əlindədir. Yazının müəlifi Beynəlxalq əlaqələr üzrə magistr məzunu, riyaziyyat ixtisası üzrə baş müəllim Elvir Həsənoğlu. 0 0PAYLAŞ
ŞƏRH YAZ
2