Gürcüstanın azərbaycanlı fəallarından Fazil Mustafanın açıqlamasına sərt reaksiya
12.08.2022 14:56
829
Siyasət
A
Gürcüstanın azərbaycanlı fəallarından Fazil Mustafanın açıqlamasına sərt reaksiya

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın mətbuata açıqlamasında Marneulidə keçirilən Tasua yürüşü ilə bağlı səsləndirdiyi fikirlər Gürcüstanın azərbaycanlı icmasının fəalları tərəfindən birmənalı qarşılanmayıb. Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri və şeyxi Mirtəqi Əsədov və ictimai fəal Samirə Bayramova deputatın işlətdiyi ifadənin özlərinə qarşı təhqir olduğunu və səslənən iddiaların heç bir əsasının olmadığını deyiblər.

Aktual.ge xəbər verir ki, bu barədə onlar Musavat-a yazılı material göndəriblər və Azərbaycan parlamentindən yetərli qədər diqqət gözlədiklərini də qeyd ediblər.

Xatırladaq ki, Fazil Mustafa deyib: "Borçalı azərbaycanlıları milli ideologiyadan uzaqlaşıb. Təəssüf ki, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə durum daha pisdir. Oradakılar milli ideologiyadan uzaqlaşıblar. Hətta keşişi belə prosesə cəlb edə bildilər. Yəqin ki, müəyyən dairələr onun kartına pul ödəyiblər. Mən istəyirəm ki, Borçalı ziyalıları bu məsələ ilə bağlı mövqe ortaya qoysunlar. Borçalıdakı mərasimdə balaca qızları görəndə nədənsə yadıma Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərindəki balaca Zeynəb düşdü. İndi Borçalıda balaca Zeynəblər yetişir. Savadsız, cahil qızlardan vətənpərvər ana ola bilməz. Onlar ancaq militanlar yetişdirə bilərlər”.

ÜGMADİ sədri deyib: “Yaxşı olar ki, Fazil bəy gəlib bizim problemlərlə maraqlana, onları hökumətə çatdıra”

M.Əsədov deyir ki, Borçalıda bu ilki Aşura mərasimi hər il olduğu kimi, keçib. Ənənəvi qaydada kənd, şəhər məscidlərində məclislər olub, ehsanlar verilib. Marneuli bazarında, Tbilisi, yol kənarlarında ənənəvi ehsan süfrələri təşkil olunub. Və ənənəvi Tasua yürüşü keçirilib Marneulidə: “Bu qədim ənənədir, dədə-babadan bizim insanlar bu yürüşü keçirir. Hətta evlərdən qəbiristanlığa yürüş olur. Bu yürüş və mərasimlər bizdə hələ sovet dövründə, ciddi qadağaların mövcud olduğu dövrdə keçirilib”.

Yürüşdə keşişin iştirakı və buna görə ona pul verilməsi iddiasına gəlincə, M.Əsədov deyir ki, keşiş Malxaz Sonqulaşvili Gürcüstan Baptist Yevangelist kilsəsinin baş yepiskopudur. O Gürcüstanda hüquqları tapdanan insanları dəstəkləyir, onlarla həmrəylik nümayiş etdirir, eyni zamanda digər dini icmalarla yaxından əməkdaşlıq edir: “Malxaz Sonqulaşvili Oksford Universitetinin doktorantı olub, Kembric Universitetində dərs deyib, Gürcüstanın İlya Universitetinin professorudur. O hər zaman Gürcüstanda haqsızlığa etiraz etmiş, hüququ pozulanların yanında dayanmış bir şəxsdir. Artıq neçə ildir bizim Tasua yürüşlərində iştirak edir. Biz də təşkilat olaraq onların dini mərasim və tədbirlərində iştirak edirik.

Bizim inancımız budur ki, İmam Hüseyn bir dinin, məzhəbin, ümmətin deyil, insanlığın dəyəridir. Ümum bəşəri dəyərlərdəndir o. İmam Hüseyn haqsızlığa qarşı çıxıb, zülmə baş qaldırıb. Malxaz Sonqulaşvili ölkəmizdə haqsızlığa qarşı çıxanlardandır. Ona görə də o, İmam Hüseyni tanıyır, ona dəyər verir. Elə bu səbəbədən hər il olduğu kimi bu il də bizim mərasimlərə qatıldı, çıxış edib İmam Hüseyn (ə) haqqında yüksək fikirlərini söylədi. Sonqulaşvili Dohada (Qətər) “Sülhə xidmət” mükafatı alıb, Tbilisidəki kilsəsinin həyətində məscid və sinaqoq inşa etdirir. Yəni bu adamın qayəsi “İbrahimi (səmavi) dinləri” bir arada görməkdir, bunun üçün çalışır. Həmçinin 44 günlük müharibə dövründə Kilsəsində “Ədalətli Sülh” üçün dua mərasimləri təşkil etdi, biz də qatıldıq. Erməni kilsəsinin keşişi bircə həftə qatıldı, o biri həftələri qatılmadı. Çünki dini ayinin adı, “Ədalətli Sülh”-ə dua idi. Dua mərasimi müharibə bitənə kimi davam etdi. Belə bir adamı kimsə ələ ala, təsir göstərə bilməz. Gürcüstanda bizə, eləcə də müsəlman acarlara qarşı təzyiqlər olanda o hər zaman bizim yanımızda olub. O, əmrlə işləyən şəxsiyyət deyil”.

Mirtağı Əsədov deyir ki, Borçalıda heç bir zaman Azərbaycana qarşı, Azərbaycan əleyhinə hər hansı fəaliyyət olmayıb və ola da bilməz: “Fazil Mustafa iddia edir ki, burada Azərbaycana qarşı fəaliyyət aparanlar var. Burada Azərbaycana qarşı olan heç bir qüvvə yoxdur. Hər hansısa tənqidi fikirləri düşmənçiliyə yozmaq olmaz. Bizim xalq hər zaman Azərbaycana məhəbbətlə yanaşıb, sevincinə sevinib, kədərinə kədərlənib. şad günüdə və dar günündə onun yanında olub. Misal üçün; 20 yanvar hadisələri zamanı Gürcüstan azərbaycanlıları ruhanilərimizin və ağsaqqallarımızın təşəbbüsü ilə 37 yük maşını yardım və 1,5 milyon rubl pul toplayıb Bakıya göndəriblər. Fazil Mustafanın danabaş kəndinə bənzətdiyi Həmin Borçalı, Birinci və ikinci Qarabağ müharibəsində 20-dən artıq şəhid verib. Burda, meydandakı insanlar bu günədək Azərbaycanı hər tərəfli dəstəkləyib. Burada son Qarabağ müharibəsi Azərbaycanı dəstəkləyənlər də bizim insanlar, Elə həmin “Ya Hüseyn, ya Əli” deyənlər idi. Şəxsən biri də elə mən özüm idim. İndi o, kimdən bu haqqı alıb bizə qarşı belə hörmətsizlik edir? Ən azından o özünə hörmət edən olsaydı, bizlərə qarşı belə cəsarət etməzdi. Gürcüstan Azərbaycanlıları üçün hər zaman üz tutduqaları yer Azərbaycan olub. Hər zaman bir çətinlik olanda gözlər digər ölkələrdə deyil, Azərbaycanda olub. Amma təəssüf ki, bu günə qədər bu cür tənəli sözlərdən və zərər-ziyandan başqa bir şey görməmişik. Fazil bəy inanclı bir insandır, yaxşı bilir ki, şəhadət məktəbi İslamdan gəlir. İmam Hüseyn (ə) bizim dəyərimizdir, həm də vaz keçilməz dəyərimoz. onu qoruyacağıq. Bu, Allahın vədidir. Ümumiyyətlə Fazil Mustafanın danışıqlarını çox görmüşük.Təəssüf ki, dinlə bağlı çıxışlarında həmişə olduğu kimi bu dəfə də milli yox, məzhəbçi baxışdan çıxış edir. Düşünürəm ki, elə burada da ona Aşuranı gözdən salmaq lazımdır deyə, məzhəbçi baxışından çıxış edir. Əgər o bacarıqlı oğlandırsa Getsin LGBT bayraqlarına qarşı eyni cəsarətlə çıxış etsin, görüm bunu da bacaracaqmı".

ictimai fəal Samirə Bayramova Fazil Mustafanın məlum açıqlamasına şəxsi “Facebook” hesabından reaksiya verib. İctimai fəal deyir ki, daha əvvəl tanımadığı Milli Məclis deputatı bu şəkildə açıqlaması onu təəccübləndirib: “Bəzi saytlarda Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın Borçalılar haqqında təsvir və düşüncələrini oxudum. Xəbərdən sonra onun haqqında kiçik araşdırma etdim, məlum oldu ki, Fazil bəy millət vəkili olmaqla yanaşı eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir və həm də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Vəzifələrdən başqa həm də bir çox kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifi imiş. Doğrusu onun müsahibələri, təsvirləri və məsələyə bu formada yanaşması ilk əvvəl məndə tamam başqa təəssürat yaratdı, mənə elə gəldi ki, elmsiz, kvotalı qondarma siyasətçidir.

Yuxarıda sadaladığım profilinlə onun fikrini analiz edəndə adam da sual yaranır ki, doğurdanmı bu adamın qanunların insanın şərəf, ləyaqətinə və dəyər verməsini tələb etdiyini bilmir, doğurdanmı Avropa Şurası Parlament Assambleyasında insan haqları və mənəvi hüquqları haqqında heç nə eşitməyib?

İlk öncə hüquqi dövlət sərhədləri və vətəndaş anlayışına diqqət etməliyik. Mən bilmirəm bəy hansı haqla Borçalıları milli ideologiya ilə təhdid edir və nə səbəbdən onlardan bunu tələb edir. Xatırlatmaq istəyirəm ki, biz Borçalılar yəni Gürcüstan azərbaycanlıları Gürcüstan vətəndaşlarıyıq və öz qanun və sərhədlərimiz çərçivəsində öz dəyər və hüquqlarımız uğrunda yüksək formada mübarizə aparırıq. Düzdür bu əraziyə bir çox ölkənin məqsədli təsirlər var və biz də bundan narahatıq. Gürcüstan hökuməti daima öz vətəndaşlarına yüksək xidmətlər yaratması vətəndaşların bu kimi təsirlərin qurbanı və ehtiyaclısı olmaması üçündür”.

S.Bayramova Aşura yürüşləri və digər dini fəaliyyətlərin qanunlarla tənzimləndiyini və narahatlıq doğuran hər hansı vəziyyətin olmadığını deyir: “İnsanların dini inancları və dəyərləri var. Gürcüstan tolerant və demokratik ölkədir və bundan irəli gələrək o öz vətəndaşlarına öz dini ayin və tədbirlərini keçirmək haqqı və imkanı verib. Azyaşlıların ora qoşulma prosesini biz də doğru hesab etmirik, zatən dində belə bəlli yaş hədləri göstərilib və hətta bir neçə axundun Aşura günü uşaqların dərsdən yayınması məsələsinə toxunduğunu görürük. Burada Aşura sakit mədəni formada, polisin müşayiəti ilə sadəcə yürüşlə həyata keçirilir və orada uşaqların psixologiyasına təsir edən faktorları psixoloq dəyərləndirsə yaxşı olar, başqa ölkələrdən fərqli olaraq burada kimisə qanına qəltan etmirlər və vahiməli səhnələr göstərmirlər.

Bizim ailə dindar olmayıb, dini bayramlar və ayinlər bir adət kimi qeyd olunub, mən də uşaq olanda hər il bütöv on günü məhərrəmlik məclislərinə getmişəm. Kənddə yaşayan adam üçün toy, yas yerindən başqa sosiallaşmaq üçün şərait yoxdur ona görə də bu məclis öz mahnıları, söhbətləri və adəti ilə mənim xoşuma gəlirdi, insanlar yalnız dindən və Allahdan danışdıqları zamanı mərhəmətli və səmimi olduqlarına görə oradakı bu səbəbdən yaranan mühit mənə çox xoş təəssürat yaradırdı. Uzun illərdir bu məclislərə qatılmıram və bilmirəm nə formada davam edir, yəqin ki, eyni formadadır”.

Onun sözlərinə görə, hazırda Gürcüstan azərbaycanlılarının daha ciddi problemləri var: “Əgər Fazil bəyi buradakı azərbaycanlıların problemləri və dərdləri bu qədər narahat edirsə onda ona daha vacib problem deyim və bununla məşğul olsa bizə də faydalı olar. Uzun illərdir Gürcüstanın azərbaycanlı siyasi elitasını Azərbaycan dövləti müəyyən edir və ora cahil, savadsız, vətənpərvərlikdən uzaq şəxslər təyin edir və bu şəxslər buradakı azərbaycanlıların ictimai, siyasi proseslərdə fəallığına problem yaradaraq onları bir çox dövlət resurslarından məhrum edir. Bizim dini proseslərdən daha çox narahat edən ictimai, siyasi proseslərin tənzimlənməsidir.

Uzun illərdir ki, Gürcüstanda ictimai sektordayam və əsasən regionda yaşayan etnik azlıqların problemlərinin həlli istiqamətində çalışıram. Ana dilinin qorunması, Novruz Bayramının Gürcüstanda qeyri-iş günü olması, milli qəhrəmanların adlarının əbədləşdiriməsi, etnik azlıqlar üçün bərabər hüquqlu təhsil sisteminin yaradılması və digər Gürcüstan vətəndaşları kimi onlarında bir çox təhsil prosesində pulsuz təhsil almalarını, şəffaf və bərabər hüquqlu büdcə sistemi sahəsində çoxlu sayda layihələr həyata keçirmişəm və bu gün Gürcüstanın ictimai, siyası mühitində bir azərbaycanlı kimi fəal şəkildə iştirak edirəm və savadsız, cahil qalmamışam. Düzdür burada xeyli sistem problemləri və sosial problemlərimiz var amma bu Fazil bəyin müzakirə edəcəyi və uzaqdan ultimatum verəcəyi bir mövzu deyil və heç onun buna hüquqa da çatmır. Görünür o bizim regionu öz muxtar əyaləti kimi görür və dərk edir, nəzərinə çatdırmaq istəyirəm ki, Gürcüstanın sərhədi Qırmızı Körpüdən başlayır və Sarpda bitir. Əgər onu milli şivənlik narahat edirsə, artıq 3 ildir ki, Azərbaycan dövləti sərhədləri açmır və insanlar bunda xeyli əziyyət çəkir, hesab edirəm bu mövzuda aktiv işləsə yaxşı olar, bəlkə Borçalılar gedib oradan savad, millik və vətənpərvərlik öyrənmiş də olarlar!”

ŞƏRH YAZ
3