"Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə insan haqları uğrunda mübarizədə mükafatın verilməsi gürcü xalqına istehza və təhqirdir".
Aktual.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili Norveçdə Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşviliyə verilən mükafatı şərh edərkən söyləyib.
Sabiq Prezidenti ağır sözlərlə tənqid edən hökumət başçısı deyib ki, Saakaşvili qatil rejimin yaradıcısıdır.
“2012-ci ilə qədər insanların cinayət sistemi tərəfindən işgəncələrə məruz qaldığı, zorlandığı, öldürüldüyü zaman qarşılaşdığımız dəhşətli cəhənnəm reallığıdır. Bunun fonunda Saakaşvili insan haqları sahəsində əldə etdiyi nəticələrə görə hansısa Norveç təşkilatı tərəfindən nəsə mükafatlandırılıb. Bu, xalqımıza qarşı istehza və təhqirdir. Dünya şöhrətli avtoritar, az qala diktator keçmiş hökmdar, zalım, qatil sistemin yaradıcısı olan Saakaşvili insan haqları sahəsində nəyəsə nail olub. Bu bizim xalqa istehzadır, bu inanılmazdır" , - deyib İrakli Qaribaşvili.
Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Norveçdə keçirilən mükafatlandırma mərasimində İnsan haqları və Demokratiya uğrunda mübarizədə mükafata layiq görülüb.