
"Biz qorxuruq ki, prezidentin səfəri və onun bəyanatları bizim namizəd statusu almaq istəyimizə xələl gətirsin - yaxşı olar ki, prezidentin bu cür zərərli bəyanatlar verərkən geniş meydanı olmasın".
Aktual.ge xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində deyib.
“Prezident spekulyasiya etməməlidir. Uçuşların birtərəfli qaydada bərpasına Rusiyanın nə dəxli var və prezidentin xarici ölkəyə səfərinin bununla nə əlaqəsi var? Bu, tamamilə anlaşılmaz bir müqayisədir. Bu sadəcə spekulyasiyadır. Təəssüf ki, prezident vəzifəsində olan bir şəxs spekulyasiya edir. Bütün bunlar təəssüf doğurur. Səfərə razılığın verilməsinə gəlincə, bu, Gürcüstan hökumətinin müstəsna hüququdur. Əgər hökumət prezidentin səfərinin Gürcüstanın namizəd statusu alması üçün fayda verməyəcəyinə inanırsa, hökumətin konstitusiyanın verdiyi tam hüquq var ki, prezidentə səfərə razılıq verməsin. Biz qorxuruq ki, prezidentin səfəri və onun bəyanatları namizəd statusu almaq səylərimizə xələl gətirsin. Prezidentin Gürcüstan parlamentinin binasında hesabat verərkən söylədiklərinə qulaq asın və razılaşarsınız ki, bu bəyanatlar birbaşa Gürcüstanın istəyi ilə ziddiyyət təşkil edir. Ola bilsin ki, hökumət indiyə qədər icazə verməyib, amma sonra da verə bilər - bu, hökumətin səlahiyyətidir, fəqət hökumət prezidentin yanlış bəyanatlarından çəkinsə bu mənim üçün məntiqlidir" , - deyə İrakli Kobaxidze vurğulayıb.
Məlumat üçün bildirək ki, Prezident Administrasiyası keçdiyimiz günlərdə məlumat yayıb ki, Prezident Salome Zurabişvili Brüsselə səfər etməyi planlaşdırır və bunun üçün hökumətə müraciət edib, lakin təsdiq etməyiblər: "Mayın 15-də Putinin birbaşa uçuşların bərpası haqqında fərmanı qüvvəyə minib. Mayın 15-də Gürcüstan hökuməti dərhal bunu təsdiqləyib".