Tbilisidə beynəlxalq moda şouda “Çinar” kolleksiyası nümayiş olunub - FOTO
23.05.2023 13:49
485
Mədəniyyət
A
Tbilisidə beynəlxalq moda şouda “Çinar” kolleksiyası nümayiş olunub - FOTO

Tbilisidə Beynəlxalq moda nümayişi “Metrica Fashion Show” da azərbaycanlı dizayner Laura Qasımovanın “Çinar” kolleksiyası nümayiş olunub.

Aktual.ge məlumat verir ki, Tbilisidə Badri Patarkatsişvilinin məşhur Mərasimlər Sarayında genişmiqyaslı beynəlxalq moda nümayişi “Metrica Fashion Show”da Azərbaycan Diasporuna Dəstək Fondunun (Fond) maliyyə dəstəyi, Alyans Gənclər Mərkəzinin (AGM) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Çinar” kolleksiyası nümayiş olunub.

Belə ki, kolleksiya üçün Azərbaycan milli ornamentlərini müasir qadın geyimlərində istifadə edən azərbaycanlı dizayner Laura Qasımova 20 geyim hazırlayıb. Azərbaycanın milli musiqi sədaları altında xarici modellərin yer aldığı nümayişdə ümumilikdə 15 ölkədən dizaynerlər, 40-dan çox brend təmsil olunub. İki gün davam edən əsrarəngiz şouda dizaynerlərlərlə yanaşı bloqerlər, moda jurnalları və televiziya redaktorları, siyasətçilər, iş adamları, məşhur musiqiçilər, Avropa, Asiya, Gürcüstandan olan rəssamlar və fotoqraflar bir platformada toplaşıb.

Tədbirdə geyimlərin, aksesuarların, zərgərlik brendlərinin, eləcə də rəssamların rəsm əsərlərinin sərgisi və satışı keçirilib.
Moda nümayişində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları da iştirak edib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov tədbirin əhəmiyyətindən danışaraq Fond olaraq Azərbaycanın tanıdılması, mədəniyyətimizin beynəlxalq arenada layiqincə təmsil olunduğu mühüm tədbirlərin maliyyələşdirilməsinin onlar üçün prioritet olduğunu qeyd edib. Şahin Camalov yüzlərlə modelyer, dizaynerin, moda jurnalının iştirak etdiyi moda şouda təmsilçilərinin ən çox diqqət görən kolleksiyalardan biri olduğunu da qeyd etmişdir.

AGM-nin sədri Leyla Əmrahova qeyd edib ki, kolleksiya bir aya hazırlanıb. Geyimlər əl işləri ilə zəngindir. Həmçinin Butalı və gerb təsviri olan geyimlər böyük marağa səbəb olub. ADDF-in dəstəyi ilə hazırlanmış geyimlər milli-mədəniyyətimizin təbliği istiqamətində mühüm addım olmuşdur. 

Laura Layn markasının yaradıcısı dizayner Laura xanım bir çox xarici ölkələrdən iş təklifləri aldığını qeyd edib. Azərbaycanın xaricdə layiqli təmsili baxımından əlindən gələni əsirgəməyəcəyini də vurğulayıb.

ŞƏRH YAZ
4