
"Ölkə getdikcə zənginləşir, güclənir. Bir daha qeyd etmək istərdim ki, biz bununla sabitliyə kömək edirik. Biz dövlətimizi gücləndiririk".
Aktual.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili Gürcüstan Diasporu Gününə həsr olunmuş forumda çıxışı zamanı söyləyib.
Hökumət başçısı iqtisadi göstəricilərdən danışaraq qeyd edib ki, son iki ildə ölkədə ikirəqəmli iqtisadi artım qeydə alınıb, işsizlik və yoxsulluq tarixi minimum həddədir.
“İndi ölkəmizin inkişafı barədə yalnız rəqəmlərlə, faktlarla danışacam. Ölkəmizin iqtisadiyyatı son iki ildə yüksəlir və bizdə ikirəqəmli iqtisadi artım var. Nəticədə ilin sonuna qədər iqtisadiyyatımız 80 milyard lari olacaq. Hansı ki, təxminən 25 milyard dollardır. Adambaşına bu, 8 000 dollardır. Cəmi 2 il əvvəl iqtisadiyyatımız 2020-ci ildə 50 milyard lari idi. Cənab maliyyə naziri buradadır və mənimlə razılaşacaq. Yəni 2-3 ildən sonra az qala 30 milyard lari artım olacaq. Burada qeyd etmək istərdim ki, biz milli valyutanı da möhkəmlətmişik, o, sabitdir və ölkəmizin inkişafı düzgün istiqamətdə gedir. Onu da qeyd edim ki, ölkəmizin ehtiyatları tarixi maksimumdadır. Milli Bank hər ay təxminən 200-300 milyon dollar alır. Ölkəmizin milli ehtiyatları 5 milyardı ötüb. Yəni ölkə daha da zənginləşir, güclənir. Bir daha qeyd etmək istərdim ki, biz bununla sabitliyə kömək edirik. Dövlətimizi gücləndirərək son iki ildə 220 mindən çox yeni iş yeri yaratmışıq. Dostlar, işsizlik və yoxsulluq tarixi ən aşağı həddədir" - İrakli Qaribaşvili qeyd edib.