FİFA lisenziyalı keçmiş türk hakim Cüneyt Çakır Gürcüstan Futbol Federasiyası Mərkəzi Hakimlər Şurasının sədri təyin edilib.
Aktual.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Futbol Federasiyası açıqlama verib.
Gürcüstanda vəzifəyə başlayan Cüneyt Çakır Gürcüstan 1-ci Liqa və 2-ci Liqa hakimləri ilə görüşə qatılıb.
Gürcüstan Futbol Federasiyasına təşəkkür edən və hakimlərə müraciət edən məşhur türk refer deyib:
"Bu vəzifə mənə təklif olunandan bəri gözəl ünsiyyətimiz oldu. Gürcüstan Futbol Federasiyasının rəhbərliyi hakimliklə bağlı baxışlarını, planlarını və fikirlərini mənimlə bölüşdü bu müsbət münasibət əsas məsələdir və bu gün burada olmağımın əsas səbəbidir. Karyeram boyu bir çox böyük matçlarda və turnirlərdə iştirak etmişəm.
Dayanıqlı uğur həmişə əsas məqsədim olub. Birinci məqsədimiz davamlı uğura doğru addımlar atmaq olacaq. Hakim hazırlığında beynəlxalq standartları tətbiq edəcəyik və beynəlxalq oyunlara daha çox hakimi cəlb etməyə çalışacağıq".
Gürcüstan Futbol Federasiyasının Baş katibi Davit Mujiri qeyd edib ki, Gürcüstan Futbol Federasiyasının hakimlər şöbəsinə FİFA-nın təcrübəli hakimi Cüneyt Çakır rəhbərlik edəcək.
"Cüneyt Çakır Gürcüstanda yaşayacaq və futbol hakimlərinin inkişafı üçün həyata keçirilən bütün layihələrin önündə olacaq. Təbii ki, yaxın vaxtlarda onun özü ilə gətirəcəyi yeniliklər barədə sizə məlumat verəcəyik. Onun bu illər ərzində beynəlxalq arenada topladığı təcrübənin Gürcüstanda bu istiqamətin inkişafı üçün faydalı olacağından məmnunam” , - deyə Davit Mujiri bildirib.