Təqribən 1 aydır Marneuli Bələdiyyəsinin bir sıra kəndlərində naməlum şəxslər evləri qarət etməyə cəhd göstərir və üstəlik evlərin damını daşlayır.
Aktual.ge-nin verdiyi xəbərə görə, müvafiq vəziyyət kənd sakinlərinin narahatlığına səbəb olmağa davam edir, hadisə təqribən 1 aydır hökm sürsə də, bu günə qədər kimsə polis tərəfindən saxlanılmayıb, üstəlik sözügedən məsələ ilə bağlı istintaqın başlayıb-başlamadığı barədə də Daxili İşlər Nazirliyi açıqlama vermir.
Evlərin daşlanılması ilə bağlı yerli sakinlər deyir ki, naməlum şəxslər öncə kənddəki transformatoru söndürür, ardınan isə öz əməllərinə başlayırlar. Müvafiq hadisə keçdiyimiz günlərdə Ağammədli kəndində də qeydə alınıb, 14 sentyabr isə Təzəkənd kəndində buna cəhd olunub, ardınan isə Lejbəddinli kəndində.
Hadisələrin baş verdiyi kəndlərdə polis cəlb olunsa da, lakin bu günə qədər yaxalanan olmayıb.
Məsələni Aktual.ge xəbər portalına şərh edən Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri Seyid Mirtəqi Əsədov isə deyib ki, bu məsələdə əsas məsuliyyət hakimiyyətin üzərinə düşür. O, deyib ki, müvafiq hadisənin müsəlmanların yaşadığı kəndlərdə baş verməsi də ayrıca şübhəli məqamdır.
"Görürük ki, mütəmadi olaraq hər axşam Marneuli kəndlərində xoşa gəlməz, kənd sakinlərinin qorxusuna səbəb olan hadisə cərəyan edir. Etibarlı insanlardan eşidirik ki, kəndlərdə evlərə hücum etməyə cəhd göstərirlər, evləri daşlayırlar, kəndlərdəki transformatoru söndürüb hücuma keçirlər... Ümumiyyətlə hələ də bu işin mənşəyi məlum deyil, nə kimi qüvvə olduğu da aydın deyil. Amma burada əsas məsuliyyət hakimiyyətin, hüquq-mühafizə orqanlarının üzərinə düşür. Çünki bu kimi şeylərdə insanlar hökumətə və polisə etibar edir, amma onlarda bu günə qədər aşkara bir şey çıxara bilməyiblər. Hesab edirəm ki, bu işdə müəyyən gizli əl və qüvvələr müsəlmanlar üzərində öz məkirli pılanlarını, qorxu və vahimə yaradaraq həyata keçirmək istəyirlər. İrəlidə çox pis hadisələrin baş verməməsi üçün dövlətin hüquq-mühafizə orqanları gərək ciddi fəaliyyət göstərsin və bu hadisənin qarşısı alınsın, cinayətkarlar isə ortaya çıxarılsın. Bir sözlə hökumət bu işin qarşısını almalıdır. Bunu da deyim ki, bu iş insanların hökumətə olan inamını azaldır. Ümumiyyətlə insana, vətəndaşa təhlükə yaradan hər nə varsa burada məsuliyyət hökumətin üzərinə düşür. Niyə bu hadisə müsəlman kəndlərində baş verir? bu da ayrı bir şübhəli məqamdır. Şübhələrin aradan qalxmağı üçün hakimiyyət gərək çox ciddi addımlar atsın" , - söyləyib Mirtəqi Əsədov.
Günlərdir kəndlərdə insanların narahatlığına səbəb olan məsələni Aktual.ge xəbər portalına şərh edən ictimai fəal Samirə Bayramova isə insanların psixoloji şiddətə məruz qaldığını söyləyib.
"Ümumiyyətlə, 22-23 gündür bu hadisənin bu formada dəvam etməsi çox müəmmalıdır. Təəssüflər olsun ki, hələ də nə baş verdiyi müəyyən olunmayıb. Hər gecə müxtəlif kəndlərdə naməlum şəxslər tərəfindən insanlar psixoloji şiddətə məruz qalırlar. İnsanların bu cür qorxudulması, təşvişə salınması, psixoloji təzyiqə məruz qalması həqiqətən xoş bir hal deyil. Kəndlərdə yaşayan insanlar üçün, xüsusəndə yaşlılar və uşaqlar üçün bu hadisələrin unudulması və əvvəlki rahatlıqlarına qayıtmaları həqiqətən çətindir. Bunun nə dərəcədə real olduğunu deyə bilmərəm, ancaq bu günkü günümüzdə həqiqətən qorxuducu hala çevrilib. Tək istədiyimiz bu baş verənlərin tez bir zamanda müəyyən olunması bu hərəkəti törədənlərin aşkar olunması və aradan qaldırılmasıdır" , - deyən Samirə Bayramova bu işdə polisin aktiv olması gerəkdiyini qeyd edib:
"Bu məsələyə polisin aktiv şəkildə cəlb olunması və istintaqa başlanılması vacibdir. Araşdırmaların keyfiyyəti ilə bağlı heçnə deyə bilmərəm, bunu sonunda DİN ictimaiyyətə acıqlamalıdır. Bu məsələnin tez bir vaxtda həll olunması üçün yaxşı olardı ki, texniki güc tətbiq olunsun.
Bir məsələnidə vurğulamaq istəyirəm ki, yerli sakinlər tərəfindən sosial şəbəkələrdə insanları təşvişə salacaq yalan məlumatlar, foto və videolar paylaşılır. Buda insanların qorxu içində olmasına səbəb olur".
Qeyd edək ki, təqribən bir aydır ki, Marneuli Bələdiyyəsinin kəndlərində və mərkəzində bu kimi hadisələr yaşanır. Kürüstü Kəpənəkçi kəndindən başlayaraq İlməzli, Birinci və İkinci Kosalı, Təkəli, Qaçağan, Alqeti - Təzəkənd, Ağməmmədli və digər bir sıra kəndlərdə naməlum şəxs və ya şəxslər evlərə hücum etməyə cəhd göstərir, pəncərələri döyür, evlərin damını daşlayırlar.