Marneulidə İmam Hüseyn (ə.s) 40 mərasimi keçirilib - FOTO
Marneuli rayonunda yerləşən Hz İmam Əli (ə.s) Məscidində Hz.İmam Hüseyn (ə.s) və Kərbəla şəhidlərinin "Ərbəin" - 40 mərasimi keçirilib.
Aktual.ge-nin verdiyi məlumata görə, sözügedən məsciddə baş tutan mərasimə rühanilər, namaz qılanlar, ictimai fəallar və rayon sakinləri qatılıb.
Mərasimdə çıxış edən Kərbəlayi Elçin Cəfəri İslam tarixində İmam Hüseynin (ə) Kərbəla hadisəsinin müsəlmanlara bir mübarizlik məktəbi və zülmün qarşısında necə müqavimət göstərmək nümunəsi olduğunu söyləyib.
O, eləcə də son günlər Azərbaycan-Ermənistan arasından yenidən alovlanan münaqişəyə toxunaraq, Azərbaycanın haqlı mübarizəsində şəhid olanlara Uca Allahdan rəhmət diləyib.
Daha sonra Hz İmam Əli (ə.s) Məscidinin axundu Hacı Hacıyev mərsiyyə oxuyub və dualar edib.
Ardından adıçəkilən məscidin həyətində Marneuli İmam Əli (ə.s) Xeyriyyə Fondu, Ümumi Gürcüstan Müsəlmanlarənın Ali Dini İdarəsi (ÜGMADİ) və xeyirsevər insanların dəstəyi ilə İmam Hüseynin (ə.s) 40 mərasiminə qatılanlara ehsan verilib. Ehsan süfrəsinin yekununda axund H.Hacıyev təkrar müsəlmanlara baş sağlığı diləyib və onları 10 oktyabr saat 15:00-da Marneulidə Ataholdinqin qarşısında Azərbaycana və Ordusuna keçiriləcək dəstək aksiyasına dəvət edib.