
"Gürcüstan azərbaycanlıları arasında bəzi xarici ölkələrin dövlət-din modelinə uyğun olaraq təsirlərin gücləndirilməsinin qarşısının alınması üçün dini maarifləndirmə işlərinin artırılmasına ehtiyac var".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Apa-ya açıqlamasında söyləyib.
O, bildirib ki, hazırda azərbaycanlıların yaşadığı bölgələrdəki məscidlərdə fəaliyyət göstərəcək kadrların Gürcüstanda hazırlanmasını həyata keçirəcək kolleclərin yaradılması təklifi irəli sürülür və Azərbaycan tərəfi bu istiqamətdə öz dəstəyini verəcək.
“Gürcüstanın məscidlərində çalışan kadrların hazırlanması da gündəmdə dayanır. Biz bunu Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə də müzakirə etmişik. Hazırda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) rəhbərliyi Gürcüstanda dini kolleclərin yaradılması fikrini irəli sürür.
Belə dini kolleclərin yaradılması istiqamətində addımlar atılacaq, biz də öz dəstəyimizi verəcəyik. Gürcüstanda azərbaycanlıların dini ibadətlərini yerinə yetirdikləri məscidlərdə məhz Gürcüstanda yaradılmış kolleclərdə təhsil almış imamların ibadətləri həyata keçirməsi nəzərdə tutulur. Hazırda burada ibadətləri həyata keçirən din xadimlərinin təhsillərinin yüksək səviyyəyə qaldırılması ilə bağlı biz də Azərbaycan İlahiyyat institutu vasitəsilə işlər həyata keçirəcəyik.
Bu il ilahiyyat institutunun 5 məzunu vardır ki, onlar diplomlarını alaraq Gürcüstana gəliblər, onların da Gürcüstandakı məscidlərdə çalışması istiqamətində işlər həyata keçirilir. Çox məsələlər kadrlardan asılıdır. Kadrlar, əgər din xadimləri başqa ölkələrin dövlət-din modellərini burada təşviq etmirsə, Gürcüstanla Azərbaycanın dostluq münasibətlərini (zədələməyə çalışmırsa-red.), o cümlədən dindən istifadə edən qrupların təsiri altına düşmürsə, burada hər hansı bir çətinlik olmayacaq. Amma bu cür təsir yaratmaq istəyən qruplar var, onlar müsəlman dünyasında bu cür qruplar yaratmaqla öz modellərini təşviq etmək istəyirlər. Bunun çıxış yolu dini maarifləndirməni gücləndirmək, eyni zamanda kadrları vəhdət prinsipləri və islami dəyərləri olduğu kimi təşviq etmə istiqamətində hazırlamaqdır. Gürcüstanda yaşayan azərbaycanlıların sosial, iqtisadi, humanitar xarakterli məsələləri daim Azərbaycan hökumətinin diqqət mərkəzindədir” , - deyə Mübariz Qurbanlı qeyd edib.