
14 Yaşlı qızın qətlində təqsirləndirilən Alim Aslanov barəsində qiyabi ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Aktual.ge xəbər verir ki, Telavi Rayon Məhkəməsi bu qərarı bir neçə saat əvvəl qəbul edib.
Qeyd edək ki, Saqareco Bələdiyyəsinin Ləmbəli kənd sakini 27 yaşlı Alim Aslanov hələ də gizlənir və polis onu yaxalaya bilməyib. Prokurorluq iş üzrə toplanmış sübutları ittiham elan etmək üçün yetərli hesab edib. İstintaq Cinayət Məcəlləsinin 11-109-cu maddəsi ilə, yəni ailə üzvünü ağırlaşdırıcı şəraitdə qətlə yetirməklə davam etdirilir.
Məlumat üçün bildirək ki, 14 yaşlı Dmanisi Bələdiyyəsinin Məmişli kənd Aytac Şahmarova 2 ay əvvəl Saqareco Bələdiyyəsinin Ləmbəli kənd sakini Alim Aslanov tərəfindən zorla evlənmək məqsədi ilə qaçırılıb. Bu müddət ərzində azyaşlı qızın təhsil aldığı məktəbin rəhbərliyi nə də müəllimlər aidiyyatı qurumlara məlumat verməyib. 6 Oktyabr axşam saatlarında 14 yaşlı Aytac "həyat yoldaşı" tərəfindən odlu silahla öldürülüb. Aytac Şahmarovanın anası Yeganə Məhərəmova jurnalistlərə açıqlamasında deyib ki, Alim Aslanov qızını öz istəyi ilə ərə verməyib, şiddətə məruz qalaraq qaçırılıb. Orta yaşlı qadının sözlərinə görə, 14 yaşlı qızı dəfələrlə geri qayıtmaq və polisə müraciət etmək istəsə də, Alim Aslanov buna icazə verməyib və onu ölümlə təhdid edib. Yeganə Məhərəmova deyib ki, qızı qaçmaq istədiyi üçün Alim Aslanov onu öldürüb.