Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılan antiterror əməliyyatları zamanı qanunsuz olaraq miqrantın Gürcüstanın dövlət sərhədinə çatdırılması və onun Gürcüstanda olması üçün müvafiq şəraitin hazırlanması faktı ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, antiterror mərkəzi Tbilisidə eyni vaxtda iki yerdə xüsusi əməliyyat keçirib. Araşdırmalar nəticəsində müxtəlif növ elektron informasiya vasitələri, hərbi texnika, üz maskaları, elektrik şoku, xarici dövlətlərin saxta şəxsi sənədləri, partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular və üzərində qondarma “İslam Dövləti” (İŞİD - Red.) terror təşkilatının simvolu olan bayraq aşkar edilərək götürülüb.
"Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən Cinayət Məcəlləsinin 344 və 236-cı maddələri ilə araşdırma aparılır. Terrorla Mübarizə Mərkəzi həm həbs edilmiş şəxslərin “İslam Dövləti” terror təşkilatının fəaliyyətində iştirakının mahiyyətinin üzə çıxarılması, həm də cinayətdə əli olan digər şəxslərin ifşası istiqamətində əməliyyat-axtarış və əməliyyat tədbirlərini fəal şəkildə davam etdirir" , - məlumatda deyilir.