Gürcüstanda 1 dekabr tarixində keçiriləcək şeyx seçkiləri geri sayım başlarkən, sosial şəbəkənin Kvemo Kartli seqmentinin bir hissəsində insanlar artıq öz şeyx namizədi olaraq Famik Xudayevi gördüyünü paylaşır.
Aktual.ge-nin verdiyi xəbərə görə, sosial şəbəkədən əlavə ictimaiyyətdə iddialar yayılıb ki, Famik Xudayev Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasından kənar şeyx olacaq.
Bütün bunlarla bağlı Aktual.ge xəbər portalının əməkdaşı Famik Xudayev ilə əlaqə saxlayıb.
Hazırda Bakida olduğunu bildirən Xudayev iddiaları aydınlıq gətirib və onun sözlərindən məlum olub ki, o, xalqın tələbi ilə şeyx olmaq niyyətindədir.
"Gördüyünüz kimi millətimiz sosial şəbəkədə mənim barəmdə paylaşım edir və yüzlərlə rəy yazılır, dəstəklər bəyan olunur və məni Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, rəhbərliyində görmək istəyir və bunu tələb də edir. Bu xalqın seçimidir və onların tələbidir. Xalqımızın tələb və istəyi azad, demokratik bir ölkədə onların ən təbii haqqıdır. Əgər xalqımız məni Gürcüstan Müsəlmanları İdarəsinə şeyx olaraq görürsə nə xoş mənə. Mən hərşeydən əvvəl doğma Marneulimizə və Gürcüstan azərbaycanlılarına, dövlətimizə təşəkkür edirəm" , - deyə Xudayev qeyd edib.
GMİ-nin dini rəhəbrliyi bəyan edir ki, yeni şeyxi yalnız 21 nəfərdən ibarət Ali Dini Şura seçəcək siz buna necə münasibət bildirirsiniz sualına isə o, belə cavab verib:
"Gürcüstan şeyxini yalnız 21 nəfərin seçməsi ədalətsizlik deyilmi? Bəs xalq? Məncə xalqın tələbi nəzərə alınmalıdır".