Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin axundu, imamcümələrindən biri Hacı Hacıyev cümə xütbəsində sərt çıxış edib və Marneuli yerli özünüidarəetmə orqanını tənqid edib.
Aktual.ge xəbər verir ki, din xadimi çıxışında Marneuli meriyasını əhalinin haqqında girməkdə ittiham edib.
"Marneuli büdcəsi 65 milyondur, bu bizim haqqımızdır, amma bizim haqqımıza təcavüz edilir. Bu boyda rayonda açıq idman parkı yoxdur ki, gənclər bundan istifadə etsin və faydalansınlar" , - Hacı Hacıyev qeyd edib.
O, rayonun əsas problemlərindən birinin küçə itləri olduğunu söyləyib.
"Marneulinin əsas problemlərindən biri sahibsiz küçə itləridir. Bələdiyyənin küçələrinə baxın sahibsiz itlərlə doludur, bunun qarşısını kim almalıdır? bu cəmiyyət üçün təhlükədir. Rayonun mərkəzində belə bu itlərin əlindən rahat dolaşmaq olmur" , - İlahiyyatçı deyib.
Marneulidəki problemlərə sıfır diqqət ayrılır deyən Hacı Hacıyev sözlərinə belə davam edib:
"Neynəyim ki, mer azərbaycanlıdır, "sakrebulo" sədrinin iki müavini azərbaycanlıdır. Bunlardan əhaliyə nə fayda? susublar, dinmirlər. Marneulidə azərbaycanlılara qarşı ikili standart var, bir məsihi müraciət edəndə 8 min lariyə qədər yardım ayırırlar, azərbaycanlı edəndə isə məlum.... Zülm pisdir, onu qəbul etmək ondan da pisdir. Qiyamət günü Allah bunun cavabını verəcək. Mənim borcum bunları deməkdir və deyirəm. 7-8 ildir Marneulinin mərkəzi küçələrinin yolları bərbad durumdadır, insanımız qışda palçıqdan, yayda da toz dumandan əziyyət çəkir. Allah bizə haqqımızı tələb etməkdə kömək etsin".
İmamcümə dualarla sözlərinə son verib.