El sevgisi qazanan Xıdır Nəbi bayramı
13.02.2024 11:40
362
Siyasət
A
El sevgisi qazanan Xıdır Nəbi bayramı

Qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqının özünə xas adət-ənənələri, bayramları var. Lakin illər ötdükcə eldən-elə, dildən-dilə ötürülən bu adət və ənənələr, unudulmağa başlayır. Belə adətlərdən biri də Xıdır Nəbi bayramıdır. 

Aktual.ge xəbər verir ki, Xıdır Nəbi bayramı el adəti ilə hər il fevral ayının 9-u, 10-u, bəzi kəndlərdə isə 13-ü, 14-ü (Xızır İlyasın doğulduğu gün) qeyd edilir.

Tədqiqatlarda Xıdır Nəbi bir şəxsiyyət olaraq "suyun, külək və havanın himayəçisi" kimi təqdim olunur, Xızır peyğəmbərlə eyniləşdirilir. Bu bayram da Novruz bayramı kimi təbiətin oyanması və əkinçilik ilə əlaqələndirilir. Demək olar ki , bütün türk xalqları tərəfindən qeyd edilən və bilinən qədim mərasimdir. Xıdır Nəbinin ərzaq kimi əsas simvolu qovurğa və qovut hesab edilir. Həmin gün evlərdə qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud qovrulur. Qovrulmuş toxumlar buğda qovurğası ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar. Aş süzülür, xəşil bişirilir, xoruz kəsilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. 

 Qeyd edək ki, Xıdır Nəbi bayramı təbiətin oyanmasının, canlanmasının başlanğıcı sayılır.

ŞƏRH YAZ
0