
Ramazan ayının 22-dən 23-ə (Aprelin 2-dən 3-ə keçən gecə) keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsi mərasimi Gürcüstanda yaşayan müsəlmanlar tərəfindən reallaşdırılıb.
Aktual.ge xəbər verir ki, Gürcüstan bir sıra Bələdiyyələri ilə yanaşı Marneulinin mərkəzi Həzrəti İmam Əli (ə) Məscidində inanclıların iştirakı ilə müqəddəs Ramazan ayının 3-cü ehtimal edilən Qədr gecəsi mərasimi təşkil olunub.
Qurani-Kərimin tilavə edilməsi ilə başlayan mərasim də, ilahiyyatçı Hacı Mirismayıl Əsədov gecənin əhəmiyyətindən danışaraq Qədr gecələrinin fəzilətlərini qeyd edib və bu gecələrin Allahdan bağışlanma istəmək üçün ən yaxşı fürsət olduğunu bildirib.
Cövşən-Kəbir duasının oxunduğu əhəmiyyətli gecədə inanclılar Əhya gecəsinə məxsus ritualları gerçəkləştirib: Qurani-Kərimi başlarına qoyaraq Uca Allahın, Həzrəti Məhəmməd Peyğəmbərin (s) və onun əziz qızı xanım Fatiməyi Zəhranın (s.ə), eləcə də 12 İmamın adını zikr ediblər. Həmçinin, Allahdan günahlarının bağışlanılması, ölkə və dünyada əmin-amanlıq və sülh olması üçün dualar ediblər.
Daha sonra isə Məscidin həyətində imsak süfrəsi açılıb.
Məlumat üçün bildirək ki, Qədr gecəsinin dəqiq hansı gecə olduğu məlum deyil. Amma Həzrəti Məhəmməd Peyğəmbər (s) və İmamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır. Qədr gecəsi səhərə qədər oyaq qalmaq, gecənin rituallarını həyata keçirmək və ibadətlə məşğul olmaq böyük savab sayılır.