"Bir daha təkrar edirəm ki, bizim bu qanun layihəsi ilə bağlı dərin narahatlığımız davam edir".
Aktual.ge xəbər verir ki, bunları ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller deyib.
O, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı ABŞ-ın narahat olduğunu vurğulayıb.
“Bu qanun layihəsinə gəldikdə: o, hələ də qanun layihəsi olaraq qalır. Əvvəllər bu qanun layihəsi təqdim olunanda biz onun bir qədər irəli getdiyini, amma son nəticədə qanuna çevrilmədiyini gördük. Buna görə də, indi nə olacağını təxmin edə bilməyəcəyimizi düşünmürəm, amma bir daha təkrar edirəm ki, biz bu qanun layihəsi ilə bağlı dərin narahatlıq keçiririk.
Gürcüstanda və ya dünyanın istənilən yerində nümayişçilərə gəlincə, əlbəttə ki, ABŞ dünyada hamı üçün ifadə və söz azadlığını dəstəkləyir" , - deyən amerikalı diplomat ABŞ-ın Gürcüstana sanksiya tətbiq edə bilərmi sualına belə cavab verib:
[ABŞ-ın] mümkün addımlarına gəlincə, mən əvvəlcədən heç nəyi müzakirə etməyəcəyəm, amma deyim ki, biz mümkün sanksiyaları və ya tətbiq edə biləcəyimiz tədbirləri əvvəlcədən elan etmirik”.
Qeyd edək ki, aprel ayının əvvəlində hakim "Gürcü Arzusu" partiyası tərəfindən irəli sürülən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə bağlı ABŞ Dövlət Departamenti bununla artıq 7-ci dəfə "Narahatlıq keçiririk" bəyanatı verib.