
"Açıq demək istəyirəm: Bu qanun layihəsi parlamentdə səsvermə yolu ilə qəbul edilib, bu, Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmır, əksinə. Hökumətin belə bir qərar qəbul etməsindən məyus olduq".
Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Euronews"a Gürcüstanda baş verən hadisələr barədə danışarkən deyib.
Mübahisəli qanun layihəsi Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dondurub-dondura biləcəyi ilə bağlı suala Şarl Mişel belə cavab verib:
"Bu, hələlik o nöqtəyə gəlməyib, lakin Avropa İttifaqı standartlarına zidd olan hər hansı inkişaf Brüsselin ərizəçinin şansını necə qiymətləndirəcəyinə təsir edəcək”.
O deyib ki, Aİ-yə üzv olmaq istəyən ölkələr fundamental ümumi prinsiplərə və dəyərlərə hörmət edirlər.
" [Avropa İttifaqının] Genişlənmə prosesi ləyaqətə əsaslanan prosesdir və namizəd ölkələr üçün - Aİ-yə daxil olmaq istəyənlər üçün ideya ondan ibarətdir ki, onlar fundamental ümumi prinsiplərə və dəyərlərə hörmət edirlər. Əgər onlar həmin prinsiplərə və dəyərlərə uyğun olmayan qanun layihələrini səsə qoyurlarsa, bu, prosesə öz təsirini göstərir” , - Şarl Mişel qeyd edib.