Bir gün ərzində lari təqribən beş tetri ucuzlaşıb, hazırda kommersiya banklarında bir dollar 2 lari 75 tetridir, valyuta bazarında larinin sürətlə devalvasiyası təbii ki, məhsulların qiymətinə və hər bir vətəndaşın cibinə mənfi təsir edəcək.
Aktual.ge xəbər verir ki, larinin xarici valyuta qarşsıında ucuzlaşması, Gürcüstanın böyük şirkətlərinin səhmlərinin London birjasında amortizasiya olunması, milyonlarla itki deməkdir.
Digər bir tərəfdən isə iddia olunur ki, larinin xarici valyuta qarşsıında ucuzlaşması, ötən gün hakim "Gürcü Arzusu" partiyasının qalmaqallara səbəb olan "xarici təsirin şəffaflığı" qanun layihəsini Parlamentdə qəbul olması ilə əlaqəli Qərbin Gürcüstana mesajıdır. Müvafiq mövzu ilə bağlı danışan “Transparency International - Georgia” təşkilatının analitiki Beso Namçavadze deyib ki, bütün bunların qəbul edilən qanundan başqa səbəbi ola bilməz.
" 'Rus qanununun' qəbul edilməsi, bizə bir gündə gürcü şirkətlərinin səhmlərinin qiymətlərinin necə ucuzlaşmasının nəticəsini göstərdi. Bu qanun işə başlamadan biznesin Gürcüstana münasibəti London brijasında açıq, aydın görünür. Bütün bunların 'Rus qanununun'ndan başqa səbəbi ola bilməz, çünki banklar səhmlərlə çox yüksək gəlir əldə edirdilər, son vaxtlar onların səhmlərinin qiyməti qalxırdı, amma 2 gün ərzində geriləməyə başayıb və qiymət kəskin şəkildə azalıb”, - deyə Beso Namçavadze söyləyib.
İqtisadiyyat üzrə ekspert Giorgi Kepuladze isə Gürcüstandaki proseslərə beynəlxalq bazarın siyasi reaksiya verdiyini ifadə edib.
"Bazar siyasi proseslərə reaksiya verir. Larinin devalvasiyasının indiki mərhələsində makroiqtisadi faktor mövcud deyildi, baxmayaraq ki, biz onun ucuzlaşmağa başladığını gördük. Bu, qısamüddətli effektdir, lakin ölkədə baş verən proseslər belə davam etsə, təbii ki, larinin ucuzlaşması davam edəcək və hamımızın cibinə təsir edəcək. Məsuliyyət tamamilə hesablanmamış addımlardır. Bu gün Gürcüstan iqtisadiyyatında baş verənlərin səbəbi hökumətdir və məsuliyyətdə onun üzərinə düşür”, deyə o, qeyd edib.
Gürcüstanın keçmiş İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobulia bildirib ki, hazırda Gürcüstan iqtisadiyyatında baş verənlər mübahisəli qanunun qəbul edilməsi ilə əlaqədardır O, hakim partiyaya prezidentin vetosunu aşmamağı tövsiyə edib.
"Bu, mənim 'Gürcü Arzusu'na dostcasına məsləhətimdir, yəqin ki, heç kim nəzərə almayacaq, amma ən azından nisbətən gözəl həll yolu görəcəklər. Demək istədiyim odur ki, prezident bu qanuna [Xarici təsirin şəffaflığı] veto qoyanda onu aşmasınlar" , - deyə keçmiş nazir qeyd edib.
Qeyd edək ki, son bir neçə ayda London Fond Birjasında “Bank of Georgia” "TBC Bank" və “Capital of Georgia” şirkətlərinin səhmlərinin qiyməti günü-gündən artsa da, son iki gündə əhəmiyyətli dərəcədə azalıb. Belə ki, "Bank of Georgia"nın səhmlərinin qiyməti 16,74% azalaraq hazırda bir səhmin dəyəri 39,30 funt sterlinq, "TBC Bank"ın səhmlərinin dəyəri 14,41% azalıb, hazırda bankın bir səhmi 25,25 funt sterlinq dəyərindədir, "Georgian Capital" səhmlərinin dəyəri isə 8,24% azalaraq bir səhmi 9,91 funt sterlinq təşkil edir. Bundan əlavə Gürcüstan milli valyutası lari ABŞ dolları və avro qarşısında bir gündə 5 tetri ucuzlaşıb. Belə ki, 15 may tarixində 1 dolların rəsmi məzənnəsi 2.6866 lari idisə 16 may tarixində 2.7323 təşkil edib, avroya gəlincə 2.9005 idisə hazırda 2.9577 təşkil edir.
Beynəlxalq tərəfdaşların çağırışlarına və vətəndaşların etirazlarına baxmayaraq, hakim “Gürcü Arzusu” mayın 14-də “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda təsdiqləyib. Gürcüstanın Qərb tərəfdaşları tərəfindən bir sıra çağırışlar və bəyanatlar səsləndirilib ki, qanun indiki formada qalarsa və hökumət Prezident Salome Zurabişvilinin vetosundan yan keçərsə, qanunu qəbul edən deputatlara və Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq oluna bilər.