Tərəfdaşlarımızla birlikdə Ukraynanın yenidən qurulmasına kömək etmək üçün əlimizdən gələni etmək bizim borcumuzdur.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpası üzrə keçrilən konfransda gürcü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, gürcü xalqının Ukrayna xalqı ilə xüsusi həmrəyliyi var və Gürcüstan bütün platformalarda Ukraynanı dəstəkləyir.
“Biz Ukraynanın bərpası ilə bağlı konfransda iştirak edirik. Bildiyiniz kimi, biz bütün platformalarda Ukraynanı, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.Təbii ki, dost ölkəmizdə sülh bərqərar olandan sonra Ukraynanın yenidən qurulması üçün görülməli olan tədbirlərin müzakirəsi vacibdir. Gürcü xalqı Ukrayna xalqı ilə xüsusi həmrəyliyi ilə seçilir, bizi xalqlar arasında xüsusi tarixi qarşılıqlı asılılıq bağlayır, ona görə də tərəfdaşlarımızla birlikdə Ukraynanın bərpasına kömək etmək üçün hər şeyi etmək bizim borcumuzdur”, - deyə İrakli Kobaxidze bildirib.