Bu Avropa ölkəsi Gürcüstanla bağlı qətnamə qəbul etdi, vizasız rejim dayandırılsın...
11.06.2024 16:48
1833
Dünya
A
Bu Avropa ölkəsi Gürcüstanla bağlı qətnamə qəbul etdi, vizasız rejim dayandırılsın...

Estoniya Parlamenti Gürcüstan hakimiyyətinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanununu müzakirə edib və bu barədə qətnamə qəbul edib.

Aktual.ge xəbər verir ki, 57 deputat qətnaməni dəstəkləyib, 13 deputat isə əleyhinə çıxıb.

Estoniya Parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanununun Vladimir Putinin vətəndaş cəmiyyəti, media və siyasi opponentləri repressiya etmək üçün istifadə etdiyi Rusiya tərəfindən qəbul edilən qanuna bənzədiyini bildirib.

Eyni zamanda, Estoniya parlamenti qətnamə ilə Gürcüstan hakimiyyətini sözügedən qanunu ləğv etməyə və Avropa dəyərlərinə qayıtmağa çağırır. Bundan əlavə, Estoniya hakimiyyəti nümayişçilərə, siyasi müxalifətə və vətəndaş cəmiyyətinə qarşı güc tətbiqini dayandırmağa çağırır.

Estoniya Parlamenti hesab edir ki, əgər Gürcüstan hökuməti demokratik islahatlar yoluna qayıtmasa və “Xarici təsirin şəffaflığı haqqında” qanunu ləğv etməsə, Estoniya Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı bütün prosesləri Avropa İttifaqı Şurasında bloklaycaq. Bununla yanaşı, Estoniya Parlamenti hesab edir ki, Avropa Şurasının Bidzina İvanişviliyə, hökumət üzvlərinə, Parlament rəhbərliyinə, “Gürcü Arzusu” ilə əlaqəli şəxslərə və nümayişçilərə qarşı zorakılıqda iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyalar tətbiq etməsi zəruridir. O cümlədən, qətnaməyə əsasən, Parlament adı çəkilən şəxslərin Avropa İttifaqına vizasız gediş-gəlişinin qadağan edilməsinin tərəfdarıdır.

“Sözügedən təklif dəstəklənməzsə, Estoniya parlamenti Estoniyadan Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq etməsini istəyir, o cümlədən Estoniyaya vizasız girişin qadağan olunmasını tələb edir”, - qətnamədə deyilir.

Qeyd olunur ki, Estoniya Parlamenti qanun ləğv edilənə qədər Gürcüstan və Aİ arasında vizasız gediş-gəlişin dondurulmasını dəstəkləyir.

Estoniya Parlamenti “Gürcüstanın demokratik və Avropayönlü gələcəyi üçün mübarizə aparan cəsur gürcü xalqına” hörmətini ifadə edir.

“2008-ci ildə Rusiyanın təcavüzü zamanı Estoniya gürcü xalqının yanında olub. Estoniya gürcü xalqının Avropa İttifaqı və NATO-ya üzv olmaq uğrunda yorulmaz mübarizəsini dəstəkləyir. Estoniya 2023-cü ildə Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyib. Gürcüstan Estoniya üçün prioritet ölkədir, biz 2006-cı ildən demokratik və Avropa dəyərlərinin möhkəmlənməsi üçün əməkdaşlığı gücləndiririk" , - qətnamədə deyilir.

ŞƏRH YAZ
5