Marneulidə
24.06.2024 10:52
1107
Din
A
Marneulidə "Qədir Xum" bayramı keçirilib - FOTO

Marneulidə "Qədir Xum" bayramı keçirilib.

Aktual.ge xəbər verir ki, İmam Hüseyn əleyhissalam təşəbbüs qrupunun (Marneulidən olan bir qrup inanclı gənc) dəstəyi və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin (GİAM) təşkilatçılığı ilə baş tutan bayram tədbirində Marneuli imam cümələri - Hacı Hacıyev, Hacı Rasim Məmmədov və Hacı Əziz Nəbiyev, İran İslam Respublikasının Al-Mustafa Beynəlxalq Univeristetinin Gürcüstan nümayəndəsi Hacı Həsən Yusifzadə, GİAM-ın rəhbəri Dr. Hacı Fariz Rəcəbov, GMİ-nin şeyxi Hacı Faiq Nəbiyev, Marneuli Bələdiyyə Məclisinin üzüvləri, din xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və gənclər qatılıb. 

Marneuli Bələdiyyəsinin Zviad Qamsaxurdiya küçəsindəki mini stadionda təşkil edilən bayram proqramı Kərbəlayi Rza Cəfərinin Qurani-Kərimdən bir neçə ayənin tilavət etməsi ilə başlayıb. Tədbir Səid Həsən və Anar Cəfərinin ilahi nəğmələri ilə davam edib.

Burada çıxış edən natiqlər "Qədir-Xum" bayramının tarixindən, əhəmiyyətindən, fəzilətindən danışıblar və müsəlmanları mötəbər bayram münasibətilə təbrik ediblər.

Məlumat üçün bildirək ki, Zilhiccə ayının 18-də (bu il iyunun 25-i) İslam dünyasının ən əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Məhz bu gün Məhəmməd Peyğəmbər (s) Allahın buyruğuna müvafiq olaraq Həzrət Əlini əleyhissalamı canişini təyin edib. Qədir-Xum hadisəsi Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xum (əslində Ğədir əl-Xum) vahəsində baş vermiş məşhur hadisənin adıdır. Rəvayətlərə görə, Peyğəmbər (s) 100 min nəfərdən çox səhabə ilə birlikdə vida həccini yerinə yetirib, Zilhiccə ayının 14-də Məkkəni tərk edib və Mədinəyə sarı üz tutub. Məhz Məkkə ilə Mədinə arasında, Cühfə kəndi yaxınlığında Qədir-Xum hadisəsi baş verib. Məhz bu gün də İslam Peyğəmbəri (s) yanında durmuş Əli ibn Əbu Talibin (ə) əlini tutub yuxarı qaldırıb və buyurub: "Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır". Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar edib və ardınca söyləyib: "İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!".

ŞƏRH YAZ
0