Əslən Marneulidən olan gənc Azərbaycanda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb
03.07.2024 23:53
1608
Mədəniyyət
A
Əslən Marneulidən olan gənc Azərbaycanda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb

Əslən Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindən olan Azərbaycan Respublikası vətəndaşı Elnur Zeynalov iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Aktual.ge xəbər verir ki, bu barədə Elnur Zeynalovun çalışdığı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu məlumat yayıb.

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun İnklüziv Sosial İnkişaf Şöbəsinin böyük elmi işçisi Elnur Zeynalov Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Dünya maliyyə bazarında məzənnə dəyişikliklərinin Azərbaycan iqtisadiyyatına təsirinin qiymətləndirilməsi" mövzusunda dissertasiya işini müdafiə edib. Bu münasibətlə Elnur Zeynalovu təbrik edir, elmi fəaliyyətində yeni uğurlar arzulayırıq," - məlumatda deyilir.

Elnur Zeynalov Elbrus oğlu 2016-cı ildə bakalavr pilləsi üzrə "Maliyyə" ixtisasını, 2019-cu ildə magistratura pilləsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində "Qiymətli Kağızlar" ixtisasını, 2023-cü ildə isə Azərbaycan Milli Elmlər Akademiyasında "Dünya İqtisadiyyatı" ixtisası üzrə doktorantura təhsilini başa vurub. Elmi fəaliyyəti dövründə 16-dan çox yerli və xarici jurnallarda çap edilmiş elmi məqalələrin müəllifidir. Fəaliyyəti dövründə həmçinin Azərbaycan Turizm və Menecment Universitetində pedaqoji fəaliyyət göstərib. Bir neçə dövlət əhəmiyyətli layihənin iştirakçısı olmuşdur. Ailəlidir, 2 övladı var.

ŞƏRH YAZ
7