
Bu il Məhərrəm ayı iyul ayının 7-də başlayır. Tasua günü iyulun 15-də, Aşura günü isə 16 iyul tarixində keçiriləcək.
Bu barədə Aktual.ge xəbər portalına Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə) Məscidinin axundu, İmamcümə Hacı Hacıyev məlumat verib.
Din xadimi Məhərrəm ayının gəlişini insanların oyanışı adlandırıb.
"Hər il olduğu kimi, bu il də Gürcüstandakı müsəlmanların əksəriyyəti Məhərrəm ayı münasibətilə əza məclisləri quracaq, Həzrəti İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseyn (ə) yad ediləcəkdir. Məscidlərdə, ibadət evlərində və hüseyniyyələrdə, eləcə də müxtəlif yerlərdə Kərbəla şəhidləri üçün təşkil edilən əza məclislərində iştirak etmək bizim borcumuz və zəruridir," - deyə Hacı Hacıyev bildirib.
O, həzrəti İmam Hüseynin fəlsəfəsini xülasə şəklində belə izah edib:
"Həzrəti İmam Hüseynin əsl fəlsəfəsi ədalət, haqq və zülmə qarşı mübarizə prinsipləri üzərində qurulmuşdur. O, İslamın və Peyğəmbər ailəsinin təməl dəyərlərini qorumaq, haqsızlığa və zülmə qarşı çıxmaq üçün Kərbəla savaşında şəhid olmuşdur. İmam Hüseynin fəlsəfəsi əsasən bu məqamlardan ibarətdir: Haqq və ədalət, fədakarlıq, insani dəyərlər və zülmə baş əyməmək.
İmam Hüseynin fəlsəfəsi, İslam aləmində dərin izlər buraxmış və zülmə qarşı mübarizənin simvoluna çevrilmişdir. Onun həyatı və şəhadəti, müsəlmanlar üçün ədalət, haqq və fədakarlığın əhəmiyyətini göstərən bir nümunə olmuşdur".
Hacı Hacıyev müsəlmanları İmam Hüseynin qırx mərasimi bitmədən nişan, toy və şənlik mərasimlərindən çəkinməyə çağırıb:
"Əziz müsəlmanlar, Əhlibeytin qəmli günlərində və Həzrəti Xanım Fatiməyi Zəhranın (s) balalarının qırx mərasimi bitmədən şənlik, nişan və toy kimi mərasimlərdən çəkinməlidirlər. Müsəlmanlar Məhərrəm ayını özlərinə matəm etməlidirlər, çünki Əhlibeytin qəmli və matəm günlərində əyləncə təşkil etmək, nişan və toy məclisləri təşkil etmək bəyənilmir, hətta günahdır".
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.