Gürcüstan Hökumət Administrasiyası təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün bələdiyyələrə 104 milyon 877 min lari ayırması ilə bağlı "Avropalı Gürcüstan" partiyasının Marneuli nümayəndəsi Əhməd İmamquliyev sərt tənqidi reaksiya verib.
Aktual.ge xəbər verir ki, İmamquliyev sosial şəbəkədə Marneuli Meriyasını işarə edərək sual edib: "Görəsən bizim bələdiyyəyə yardım niyə ayrılmayıb?".
Parlament üzvləri Zaur Darğallı və Savalan Mirzəyevi "marionet kuklalar" adlandıran Əhməd İmamquliyev, Marneuli meri Kənan Ömərovu isə "dəllal" olaraq adlandırıb.
Hökumət Administrasiyası tərəfindən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 104 milyon 877 min lari ayrıldığını göstərən rəsmi sənədləri paylaşan müxalif partiya nümayəndəsi qeyd edib:
"Birinci növbədə bu sizə verilən dəyərdir. Yəqin ki, gürcü dilində oxuya bilirsiniz?! Sizin qıllı Baş naziriniz İrakli Kobaxidze, təbii fəlakət nəticəsindən zərər çəkmiş bələdiyyələrə yardım ayırıb, 104 877 000 lari".
Əhməd İmamquliyev hökuməti diskriminasiya etməkdə ittiham edib.
Məlumat üçün bildirək ki, Hökumət Administrasiyası təbii fəlakətin ziyan vurduğu bütün bələdiyyələrə ümumilikdə 104 milyon 877 min lari vəsait ayırıb, lakin siyahıda Marneuli yoxdur.