Minbərdən siyasətçilərə və rayon rəhbərliyinə sərt tənqid - Hacı Qurban
10.07.2024 12:35
1251
Siyasət
A
Minbərdən siyasətçilərə və rayon rəhbərliyinə sərt tənqid - Hacı Qurban

"Təqribən bir ay əvvəl baş vermiş sel Gürcüstanın bir çox nöqtələrində insanlara ciddi ziyan vurdu. Evler uçdu, əkin sahələri selin altında qaldı, məhsullar xarab oldu, insanlar ziyan çəkdi. Bununla əlaqədar mərkəzi rəhbərlikdən bələdiyyələrə maliyyə yardımı ayrıldı və bu, təqdirəlayiqdir. Ancaq bizim şəhərdə, rayonda, bazarda və kəndlərdə kənd təsərrüfatına dəyən ziyanla bağlı məlumat yoxdur. Ya Marneuli unudulub, ya da bu rayon rəhbərliyinin zəifliyidir".

Aktual.ge xəbər verir ki, bunları din xadimi Hacı Qurban Murquzov Məhərrəm ayının 3-cü günü Qızılhacılı İmam Həsən əleyhissalam Məscidində xütbəsində söyləyib.

Din xadimi Hökumətin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Marneuli istisna olmaqla digər bələdiyyələrə ümumilikdə 104 milyon 877 min lari ayırmasına işarə edərək, bunu Marneuli rəhbərliyinin [Kənan Ömərov, mer] zəifliyi kimi qiymətləndirib.

"Buradan rayon rəhbərliyinə səslənirik ki, bu haqda açıqlama ver. Necə ola bilər ki, mərkəzi hakimiyyət 40-50 şəhərə, kəndə və rayona bu qədər yardım ayırıb, lakin Marneuli yoxdur. Burada yaşayanlar adam deyil? Gürcüstan vətəndaşı deyil? Dövlətə vergi verən deyil?

Marneuli onsuz da bataqlığın içindədir, illərdir kanalizasiya problemi ilə üzləşir və bu vəziyyətdə yaşayırıq. Su problemi hələ də həll olunmayıb, camaat neçə illərdir suyu pulla alır. Bilmirəm bu rayon rəhbərliyinin zəifliyidir, yoxsa işçi qüvvəsinin azlığıdır, hər nə səbəb var, ondan xəbərim yoxdur. Xahiş edirəm, bunu başqa cür yozmayın. Mən nə hər hansısa partiyanın üzvüyəm, nə təbliğatçısıyam. Sadə bir ruhanıyam və özümə bir vəzifə bildim ki, Marneuli kimi Gürcüstanın iqtisadiyyatında və inkişafında təsiri olan bu insanlara qarşı olan haqsızlığı qeyd edim və bu haqsızlığın səbəbkarının hər kimdirsə deyilməsi gərəkdir. Nəticədə isə bu məsələni həll etmək üçün tədbirlər görülməsi tələb edirik.

Bilmirəm Marneuliyə dəyən ziyan hesablanıb ya yox? Ümid edirik ki, rayon rəhbərliyi bunu hesablayıb və lazımi yerlərdə məlumat verib. Amma bu günə qədər bu barədə heçnə görmədik. Gərək rayon rəhbərliyi bu vəziyyətə bir əncam çəksin. Məntəqəmizdən, şəhərimizdən olan millət vəkilləri və təbii fəlakətdən zərər görmüş kəndlərin deputatları gərək öz seçicilərini düşünsünlər. Çünki onlara həmin kreslolarda oturmağı məhz elə o seçicilər verib. Gərək ilk növbədə bu məsələdə onlara xeyirxah olsunlar. Dost dosta xeyirxah olmalıdır, valideynlər övladlara xeyirxah olmalıdır. Bu dəyərlər Kərbəladan gəlir və zamansız dəyərlərdir, yəni məhdud bir zamana aid deyil" , - deyib Hacı Qurban Murquzov.

İlahiyyatçının fikrincə, müvafiq məsələdə hökumət ayrı-seçkilik etmir.

" [...] Tasuada, Aşurada və digər günlərdə gəlib sinə vurub şəkil çəkdirib getməsəydi və Kərbəla dəyərlərini anlasaydılar, bu gün insanlara dəyən ziyan-zərər haqqında düşünərdi və mərkəzi hakimiyyətdən tələb edərdi. İnşallah, media bu sualı millət vəkillərinə, rayon rəhbərliyinə ünvanlayar ki, niyə Marneuli və ona olunacaq yardım haqqında xəbər yoxdur? Səbəbi nədir?

İnanmıram ki, ayrı-seçkilik etsinlər, nə milli, nə də dini cəhətdən. Çünki Gürcüstan hakimiyyəti bu siyasəti yürütmür. Yürütse də, özlərinə ziyan edər və bu siyasətdən çəkinirlər. İnşallah, bunun səbəbi həm rayon rəhbərliyindən, həm də mərkəzi rəhbərlikdən açıqlanar" , - deyə Hacı Qurban xütbəsini yekunlaşdırıb.

Məlumat üçün bildirək ki, Hökumət Administrasiyası təbii fəlakətin ziyan vurduğu bütün bələdiyyələrə ümumilikdə 104 milyon 877 min lari vəsait ayırıb, lakin siyahıda Marneuli yoxdur.

ŞƏRH YAZ
0