Ötən gün Baş nazir İrakli Kobaxidzenin imzası ilə Hökumət Administrasiyası, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Marneulidən başqa 43 bələdiyyəyə 104 milyon 877 min lari ayırdı. Bu qərar Marneuli icmasının etirazına səbəb oldu.
Məsələ ilə bağlı Aktual.ge xəbər portalının sorğusunu cavablayan Gürcüstan Hökumət Administrasiyası yaxın günlərdə Marneuli üçün ayrıca sərəncam veriləcəyini açıqlayıb.
43 Bələdiyyə arasında niyə Marneuli yoxdur sualına tam aydınlıq gətirməyən Hökumət Administrasiyası bildirib:
"Layihələndirmə işinin başa çatmasını gözləyirlər ki, dəqiq məbləğ müəyyən edilsin".
Eləcə də qeyd olunub ki, Marneuli üçün veriləcək yeni qərar da bütün sakinlərin maraqları və zərərləri nəzərə alınmalıdır.
"Layihələndirmə işinin başa çatmasını gözləyirlər ki, dəqiq məbləğ müəyyən edilsin. Zərər görmüş infrastrukturun layihələndirilməsi üzərində iş aparılır və bu iş tezliklə başa çatacaq. Bundan sonra Marneuli üçün vəsaitin ayrılması ayrıca sərəncamla həyata keçiriləcək. Yeni qərarda hər şey əks olunacaq. Qaydalara uyğun olaraq, bütün sakinlərin maraqları və zərərləri nəzərə alınmalıdır. Layihələndirmə işinin başa çatmasını gözləyirlər ki, dəqiq məbləğ müəyyən edilsin" , - Hökumət Administrasiyasından Aktual.ge xəbər portalına verilən xüsusi açıqlamada bildirilib.
Məlumat üçün bildirək ki, 9 iyul tarixində Hökumət Administrasiyası təbii fəlakətin ziyan vurduğu bütün bələdiyyələrə ümumilikdə 104 milyon 877 min lari vəsait ayırıb, lakin siyahıda Marneuli yoxdur.
Xatırladaq ki, bu ilin 25 may axşam saatlarından başlayan leysan yağış 26 may gecə saatlarında daha da şiddətlənib və Alget, Xram, eləcə də Debet çaylarının daşmasına səbəb olub. Çayların daşması Marneuli şəhərinin özünə və kəndlərinə ciddi ziyan vurub. Marneulinin 10-a qədər kəndində bir sıra evlərə su dolub, əkin və meyvə sahələri məhv olub. Xüsusən də, Marneulinin Mərkəzi Bazarındakı əksər mağazaları su basıb. Bütün sahələrdə fəaliyyət göstərən ticarətçilərin məhsulları yararsız hala düşüb. Təbii fəlakət həm kənd təsərrüfatına, həm də yerli iqtisadiyyata böyük zərbə vurub.