Marneulidəki təbii fəlakətlə bağlı: Hökumət yaxın günlərdə yeni sərəncam verəcək
10.07.2024 18:22
1222
Siyasət
A
Marneulidəki təbii fəlakətlə bağlı: Hökumət yaxın günlərdə yeni sərəncam verəcək

Marneuli üçün vəsaitin ayrılması ayrıca sərəncamla həyata keçiriləcək.

Bu barədə Aktual.ge xəbər portalının sorğusuna Hökumət Administrasiyasından məlumat verilib.

Bildirilib ki, Marneulidəki təbii fəlakətlə bağlı müvafiq sərəncam yaxın günlərdə veriləcək.

Ötən gün Baş nazir İrakli Kobaxidzenin imzası ilə Hökumət Administrasiyası, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Marneulidən başqa 43 bələdiyyəyə 104 milyon 877 min lari ayırdı. Bu qərar Marneuli icmasının etirazına səbəb olub, ictimai fəallar, o cümlədən müxalifət partiyalarının nümayəndələri müvafiq siyahıda Marneulinin olmamasını diskriminasiya olaraq dəyərləndirib.

"Layihələndirmə işinin başa çatmasını gözləyirlər ki, dəqiq məbləğ müəyyən edilsin. Zərər görmüş infrastrukturun layihələndirilməsi üzərində iş aparılır və bu iş tezliklə başa çatacaq. Bundan sonra Marneuli üçün vəsaitin ayrılması ayrıca sərəncamla həyata keçiriləcək. Yeni qərarda hər şey əks olunacaq. Qaydalara uyğun olaraq, bütün sakinlərin maraqları və zərərləri nəzərə alınmalıdır. Layihələndirmə işinin başa çatmasını gözləyirlər ki, dəqiq məbləğ müəyyən edilsin" , - Hökumət Administrasiyasından Aktual.ge xəbər portalına verilən xüsusi açıqlamada qeyd olunub.

Məlumat üçün bildirək ki, 9 iyul tarixində Hökumət Administrasiyası təbii fəlakətin ziyan vurduğu bütün bələdiyyələrə ümumilikdə 104 milyon 877 min lari vəsait ayırıb, lakin siyahıda Marneuli yoxdur.

Xatırladaq ki, bu ilin 25 may axşam saatlarından başlayan leysan yağış 26 may gecə saatlarında daha da şiddətlənib və Alget, Xram, eləcə də Debet çaylarının daşmasına səbəb olub. Çayların daşması Marneuli şəhərinin özünə və kəndlərinə ciddi ziyan vurub. Marneulinin 10-a qədər kəndində bir sıra evlərə su dolub, əkin və meyvə sahələri məhv olub. Xüsusən də, Marneulinin Mərkəzi Bazarındakı əksər mağazaları su basıb. Bütün sahələrdə fəaliyyət göstərən ticarətçilərin məhsulları yararsız hala düşüb. Təbii fəlakət həm kənd təsərrüfatına, həm də yerli iqtisadiyyata böyük zərbə vurub.

ŞƏRH YAZ
12