Baş nazir İrakli Kobaxidzenin imzası ilə Hökumət Administrasiyası, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Marneulidən başqa 43 bələdiyyəyə 104 milyon 877 min lari ayırması məsələsi ilə bağlı ictimai fəallar və müxalifət partiyaları nümayəndələrinin səsləndirdiyi fikirləri Marneuli-Qardabani majoritar deputatı Zaur Darğallı dezinformasiya adlandırıb.
Aktual.ge xəbər portalının müvafiq məsələ ilə bağlı sualını cavablayan Zaur Darğallı hazırda panika hökm sürdüyünü ifadə edib.
O, deyib ki, sözügedən məsələdən müxalifət öz maraqları üçün istifadə edir.
Təbii fəlakətlərlə bağlı yardım ayrılan 43 Bələdiyyə arasında niyə Marneuli yoxdur sualına Zaur Darğallı belə cavab verib:
"İlk öncə bildirmək istəyirəm ki, Facebookda yaranan panika, müxalifətdən olan nümayəndələrin əksəriyyətinin Marneulidə pis bir hadisə baş verməsini arzuladıqlarını və bunu şəxsi maraqları, reytinqlərinin artması üçün istifadə etdiklərini göstərir.
Bu panikaların və yayılan məlumatların əksəriyyəti əsassızdır və dezinformasiyadır. Bu sadəcə olaraq, əhalinin fikrini yayındırmağa yönəlib.
Baş nazirin imzaladığı qətnamə, 2023-cü ilin dekabr ayında qəbul olunub və uzunmüddətli təbii fəlakətdən zərərçəkən bələdiyyələrə yardımı nəzərdə tutur. Son zamanlar zərərçəkən bələdiyyələr əlavə edilərək qətnamədə dəyişikliklər edilib. Baş nazirin imzaladığı qətnamə, İnfrastruktur Nazirliyində fəaliyyət göstərən Regional Fonda maliyyə dəstəyi nəzərdə tutur ki, təbii fəlakət zamanı zərər görmüş yol infrastrukturu, körpülər və s. bərpa olunacaq.
Son zamanlarda təbii fəlakət Marneuli və bir neçə bələdiyyədə baş vermişdir və əhaliyə, infrastruktura ciddi ziyan dəymişdir. Marneulidə üç körpü zərər görüb. Regional Fondda bu üç körpünün bərpası nəzərdə tutulur. Sadəcə olaraq, son dəyişiklikdə Marneulinin yer almaması layihə tenderindən asılıdır. Marneuli meriyası tenderi elan etdikdən və layihə alındıqdan sonra artıq qətnamədə dəyişiklik olacaq və Marneuli bələdiyyəsinə də yardım ayrılacaq".