"İvanişvilinin dünənki çıxışı bir gürcü çıxışı deyildi. Bu adam qanı ilə ətli-damarına qədər rusdur və rus mesajlarını səsləndirir".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvilinin ötən gün ki, müvafiq çıxışına cavab verib.
"Görmə qabiliyyəti olan hər kəs görür ki, o və onun dəstəsi hər bir gürcünün təhlükəsizliyi, rifahı və gələcəyi üçün birbaşa və böyük bir təhdid təşkil edir. Onların əlində Gürcüstanın müstəqil dövlətçiliyinin gələcəyi yoxdur. Onlar yaxşı bir şey edə bilməzlər, yalnız sürətləndirilmiş bir templə zərər verməyə davam edəcəklər.
Yaxşı xəbər budur ki, gürcü xalqı çoxdan hər şeyi başa düşüb. Oktyabrda mafiya rejimini süpürəcək böyük bir seçki dalğası yaranıb. Biz onlara deyirik - heç kim sizdən qorxmur, çemodanlarınızı yığmaq və Gürcüstanı sizin idarəçiliyinizdən azad etməyə, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazırlaşmaq vaxtıdır" , - Mixeil Saakaşvilinin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, 16 iyul tarixində hakim "Gürcü Arzusu" partiyasın yeni mərkəzi ofisinin açılış mərasimində çıxış edən Bidzina İvanişvili deyib:
"Hər kəsə aydındır ki, müharibəyə qoşulacağı təqdirdə, Gürcüstan Ukraynadan daha ağır nəticələrlə üzləşəcək. Bu nəticələrin qarşısını almaq ən prioritet məsələdir və 26 oktyabrda "Gürcü Arzusu"nun növbəti qələbəsi ilə bu problem həll ediləcək".