03.08.2024 18:22
908
Mədəniyyət
A
"Həmrəylik 2024 - Yay Düşərgəsi" Telavi şəhərində başlayıb - FOTO

Gürcüstandakı "Azərbaycan Evləri" "Həmrəylik 2024 - Yay Düşərgəsi" çərçivəsində Kaxeti bölgəsinin Telavi şəhərinə gəliblər.

Aktual.ge xəbər verir ki, "Tbilisi Alyans Gənclər Mərkəzi"nin təşkilatçılığı ilə keçirilən düşərgənin 70 nəfərdən çox iştirakçısı əvvəlcə Tbilisidə Azərbaycan xalqının milli lideri Heydər Əliyevin büstünü ziyarət edərək gül qoyublar.

Günorta saatlarında Telavi şəhərinə çatan düşərgə iştirakçıları şəhərin tarixi yerlərini və "Telavi Tarixi Muzeyi"ni ziyarət ediblər.

Nahardan sonra gənclərə "Pineo Medical Ecosystem" klinikasının lektoru və kardioloqu Linda Mustafayeva "Ürək, risk faktorları və xəstəlikləri" adlı təlim keçib, o cümlədən tibb sahəsində məlumat verib.

Ardından nutricioloq Şahəndə Süleymanova “Düzgün qidalanma və zərərli vərdişlər” haqqında düşərgə iştirakçılarına təlim keçib.

Hər iki təlim proqramı sual-cavab formatında yekunlaşıb.

"Həmrəylik 2024 - Yay Düşərgəsi"nə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco və Tbilisidən 70 nəfərdən çox yeniyetmə, gənc və QHT rəhbərləri iştirak edir.

"Tbilisi Alyans Gənclər Mərkəzi"nin təsisçilərindən biri Leyla Əmrəhova bildirib ki, Telavi şəhərində 3 gün baş tutacaq düşərgə çərçivəsində gənclər üçün bir sıra mühüm təlimlər nəzərdə tutulub: " 'Həmrəylik 2024 - Yay Düşərgəsi' çərçivəsində gənclərin ən çox maraqlandığı sahələrdə təlimlər olacaq, o cümlədən tibb, təhsil və media sahələrində. Soydaşlarımızın daha aktiv olmaları və özlərini inkişaf etdirmələri baxımından bu düşərgə proqramı onlar üçün çox əlverişlidir. Gələcəkdə də bu kimi proqramlar və tədbirlərin keçirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik".

Yay düşərgəsi proqramının Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəkləndiyini bildirən "Tbilisi Alyans Gənclər Mərkəzi"nin təsisçilərindən biri Rəna Hüseynova deyib:

"Bu kimi əhəmiyyətli bir proqramı dəstəklədiyi üçün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə öncəliklə təşəkkür edirəm. Düşərgənin təşkilindəki məqsəd Gürcüstandaki bütün 'Azərbaycan Evləri'ndə tədris alan yeniyetmə və gənclər arasında kommunikasiyanın qurulması, gənclərin inkişafı və onları maraqlandıran sahələrdə təlimlərin keçirilməsidir. Bu gün və sabah müxtəlif sahələrin mütəxəssisləri ilə təlimlərimiz olacaq, ardından gənclərin şəhərə və Kaxeti bölgəsinə ekskursiyamız olacaqdır".

Qeyd edək ki, "Regional gənclər şəbəkəsi Borjomi 2023" düşərgəsi ötən il də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Borjomi şəhərində baş tutmuşdu.

ŞƏRH YAZ
1