Bolnisi Bələdiyyəsinin Çapala (Qoçulu) kəndində evindən oğurluq edilən şəxs polisin istintaqa laqeyd yanaşdığını və işin intensiv araşdırılmadığını iddia edir.
Vətəndaş Səlminaz Bayramova Aktual.ge xəbər portalına müraciət edərək bildirib ki, oğurluq 2021-ci ilin may ayında, saat 12:00 radələrində (Çapala) Qoçulu kəndindəki fərdi yaşayış evində baş verib. Ev sahibləri əkin sahəsində çalışarkən, naməlum şəxs və ya şəxslər evə daxil olaraq 34 min lari və 100 Azərbaycan manatı oğurlayıb.
Səlminaz Bayramova qeyd edib ki, şübhələndiyi şəxslə bağlı polisə izahat verib, lakin polis ört-basdır etməyə çalışır.
"Oğurluq hadisəsi üç il əvvəl baş verib. Araşdırmalara başlanılmasına baxmayaraq, yerli polis əməkdaşı Qasanov Quram məsələyə ciddi yanaşmır. Əl izi müəyyən olunmasına baxmayaraq, şübhələndiyim şəxsin adını ifadəmdə verdiyim halda, həmin polis əməkdaşı məlumatı gizlədir və məsələnin üstünü örtməyə çalışır. Kim olduğunu bilirlər və müdafiə edirlər. Rüşvətxorluq və oğurluq hadisələri baş alıb gedir, məsələyə ciddi yanaşılmır. Bu işin üstündən on il keçsə belə, mübarizəni davam etdirəcəm, oğrular mütləq cəzalandırılmalıdır",- zərərçəkmiş söyləyib.