Parlament “Gürcü arzusu” partiyası tərəfindən təqdim edilən amnistiya qanun layihəsini 84 lehinə, 0 əleyhinə səs ilə ikinci oxunuşda qəbul edib.
Aktual.ge xəbər verir ki, qanun layihəsinə görə, soyuq silah gəzdirdiyinə görə məhkum olunmuş şəxslərə amnistiya yalnız müəyyən şərtlərlə şamil ediləcək. Narkotik vasitələrdən istifadə edənlərin soyuq silah gəzdirdiyi hallar cəzadan azad ediləcək.
Qanuna ediləcək dəyişikliyə əsasən, amnistiya cinayətlərin ört-basdır edilməsinə və xəbər verilməməsinə görə cəzaları da əhatə edəcək. Konkret cinayətə görə nəzərdə tutulan cəzanın müddəti bu cinayətin ört-basdır edilməsinə və ya xəbər verilməməsinə görə müəyyən edilən cəza müddəti qədər azaldılacaq.
Layihədə amnistiyanın formaları arasında dərhal azadlığa buraxılma, cəza müddətinin 1/2, 1/4 və 1/6 azaldılması, habelə şərti məhkumlar üçün sınaq müddətinin azaldılması var.
Amnistiya qanun layihəsi adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, seksual xarakterli cinayətlər, quldurluq, terrorizm, korrupsiya və vəzifəli şəxslərin cinayətləri, mütəşəkkil cinayətkarlıq, şərti cinayətlər və digər ağır cinayətlərə şamil edilməyəcək.
Qanun layihəsinin icrasından sonra 1000-ə yaxın şəxs dərhal azadlığa buraxılacaq, 4800-ə yaxın şəxsin isə cəzası müxtəlif müddətlərlə azaldılaraq tədricən azad ediləcək.
Qeyd edək ki, müxalifətin əksəriyyəti qanun layihəsinin müzakirəsində və səsvermədə iştirak etməyib.