Gürcüstan-Rusiya arasındakı yeganə sərhəd-keçid məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti 18 sentyabrdan 2 oktyabra qədər məhdudlaşdırılacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, sərhəd-keçid məntəqəsində yol təmir işləri ilə əlaqədar, 18 sentyabrdan 2 oktyabr da daxil olmaqla, hər gün saat 06:00-dan 09:00-dək "Qazbegi" gömrük-keçid məntəqəsi vasitəsilə hər iki ölkə istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Qazbegi" Sərhəd-Gömrük Məntəqəsi ətrafında, beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili yol-bərpa işləri aparılacaq. Bu səbəbdən işlərin davam etdiyi müddətdə avtomobillərin hərəkəti dayandırılacaq.
Buna görə, Gürcüstanın gömrük sərhədində mal idxalı və ixracı, həmçinin dövlət sərhədini keçən şəxslər üçün gömrük nəzarəti prosedurları bu müddətdə həyata keçirilə bilməyəcək.
Qeyd edək ki, saat 06:00-09:00 aralığı başa çatdıqdan sonra "Qazbegi" gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə işləməyə davam edəcək və sərnişin, eləcə də yük daşımaları fasiləsiz şəkildə həyata keçiriləcək", - deyə məlumatda qeyd olunub.