"Qoridə çıxışım zamanı barışıq və qarşılıqlı bağışlanmanın əhəmiyyəti haqqında danışanda, kollektiv 'Milli Hərəkat' barışığa xəyanət, bağışlanmaya isə düşmənçilik adı verdi. Bununla onlar bir daha göstərdilər ki, müharibə və dağıntıdan, etnik nifrəti qızışdırmaqdan başqa yolları və məqsədləri yoxdur".
Aktual.ge xəbər verir ki, bunları "Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Rustavi şəhərində seçki kampaniyası tədbirindı çıxış edərkən söyləyib.
O, Qoridəki müvafiq çıxışına aydınlıq gətirib və bunları qeyd edib;
“Ölkəmizin düşmənlərini ən çox onların sözü və əməli ifşa edir. Artıq iki aydan çoxdur ki, qətiyyətlə deyirik ki, 2008-ci il müharibəsini xarici sifarişlə məhz 'Milli Hərəkatçılar' başladılar, lakin onların heç biri özlərini müdafiə etməyə çalışmadı. Aydındır ki, 'Milli Hərəkat'ın müharibəyə başlamaqla bağlı sübutlar ortadadır, aydındır ki, məlum qətnaməyə səs verməklə, sonra isə Taliavinin hesabatına razılıq verməklə, onlar müharibə əməliyyatlarının başladığını onsuz da qəbul ediblər, amma bəlkə də heç kim belə bir özünü ifşanı gözləmirdi.
Ərazi bütövlüyünün dinc yolla bərpası, barışıq və qarşılıqlı bağışlanma mövzusu xarici ölkələrdən maliyyələşdirilən bütün agenturanı yuvalarından çıxardı. Onların reaksiyaları bir daha sübut edir ki, onlara tək bir tapşırıq verilib və bu, Gürcüstanın daimi münaqişə və qarşıdurma vəziyyətində qalmasıdır. Məhz buna görə də, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün ilk növbədə konstitusiya çoxluğunun əldə edilməsi vacibdir”.
Xatırladaq ki, Bidzina İvanişvili 14 sentyabr tarixində Qoridə seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə çıxışında " Gürcü Arzusu parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat partiyasının kənardan sifarişlə başlatdığı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq" sözləri müzakirələrə səbəb olub.