"Bizim komandanın vəzifəsi kəndlərdə real rifahın yaradılmasıdır".
Aktual.ge xəbər verir ki, bunu "Gürcü Arzusu" partiyasının Bolnisi-Dmanisi-Tsalka-Tetritskaro seçki dairəsi üzrə nümayəndəsi Davit Şerazadişvili söyləyib.
Hakim partiyanın Bolnisi Qərargahının mətbuat xidmətindən bildirilib ki, o, seçkiqabağı kampaniya çərçivəsində Tsalka kəndlərində görüşlərini davam etdirir.
Davit Şerazadişvili Tsalka rayonunun Sakitkənd, Qantia, Sameba və Aşqala kəndlərinin sakinləri ilə görüşüb. Görüşdə hakimiyyətin həyata keçirdiyi kənd təsərrüfatını dəstəkləyən layihələr müzakirə olunub. Bundan əlavə, tamamlanmış və davam edən layihələr nəzərdən keçirilib.
Onun sözlərinə görə, hazırda qazlaşdırma prosesi intensiv rejimdə davam edir.
"Bizim komandanın vəzifəsi kəndlərdə real rifahın yaradılmasıdır və hakimiyyət tərəfindən bir sıra proqram və layihələr irəli sürülüb. Hamımız yekdilliklə razılaşırıq ki, ilk növbədə, sülhün qorunması vacibdir ki, bütün başladılmış proqram və layihələr davam etsin və daha güclü iqtisadiyyat yaradaq," - deyə Davit Şerazadişvili qeyd edib.