
İsrail mətbuatında iddia edilib ki, İsrail Təhlükəsizlik Kabinetinin dünənki iclasında ABŞ-la koordinasiya olunduqdan sonra İranın raket hücumlarına “sərt cavab” verilməsi qərara alınıb.
Aktual.ge 'Haberler'e istinadən xəbər verir ki, İsrail Kanal 12 televiziyasında yayımlanan xəbərdə dünən keçirilən Təhlükəsizlik Kabinetinin iclasında İranın İsrailə raket hücumlarına cavabın müzakirə edildiyi bildirilib. Xəbərdə İranın hücumuna "güclü cavab" verilməsi qərarının ABŞ rəhbərliyi ilə koordinasiyadan sonra alındığı və İsrailin İrandakı "strateji bölgələri" hədəf almağı planlaşdırdığı ifadə edilib.
İsrailin BMT-dəki nümayəndəsi Denni Danon BMT Baş Qərargahında jurnalistlərə açıqlamasında deyib:
"İsrail bu cür təcavüz qarşısında səssiz qalmayacaq. İsrail cavab verəcək. Cavabımız qəti və bəli, ağrılı olacaq".
Xatırladaq ki, 1 oktyabr axşam saatlarında İran İnqilab Keşikçiləri Korpusu İranın "milli təhlükəsizliyini" hədəfə alan İsrailə raket hücumu həyata keçirdiklərini bildirmişdi. Hücumun "HƏMAS" lideri İsmayıl Həniyyə, "Hizbullah" lideri Seyyid Həsən Nəsrullah və iranlı Tuğgeneral Abbas Nilfuruşanın öldürüldüyü İsrail hücumlarına cavab olaraq edildiyi qeyd olunmuşdu. İran dövlət televiziyası İsrailə təxminən 200 raket atıldığını və hipersəs sürətli Fettah-1 raketlərinin ilk dəfə istifadə edildiyini bəyan etmişdi. Raketlər buraxıldıqdan sonra başda Tel-Əviv olmaqla, ölkə üzrə sirenalar çalınmışdı. İsrail Baş naziri Benyamin Netanyahu isə video açıqlamasında, raket hücumu ilə İranın "böyük bir səhvə yol verdiyini və bunun əvəzini ödəyəcəyini" söyləmişdi.