Gürcüstan ölkədə demokratiyanın geri çəkilməsi nəticəsində Avropa İttifaqının 121 milyon avro məbləğində yardımını itirəcək.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Gürcüstan Nümayəndəliyi Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə üzrə Baş Müdirliyinə istinadən yayıb.
Məlumatda həmçinin bildirilir ki, 2022 və 2023-cü illərdən qalan və birbaşa hökumət üçün nəzərdə tutulan vəsaitlər itiriləcək.
“Hər il ayrılan vəsaitlər həmin il tam xərclənmir, buna görə də 2022 və 2023-cü illərdən qalan və birbaşa hökumət üçün nəzərdə tutulan vəsaitlər itiriləcək", - deyə məlumatda qeyd olunub.
2022-2024-cü illər arasında Gürcüstan üçün nəzərdə tutulan ümumilikdə 121.3 milyon avro məbləğində Avropa İttifaqı yardımı dayandırılıb və ya başqa məqsədlərə yönləndirilib. Bu qərar, Gürcüstanda demokratiya standartlarının pisləşməsi və xüsusilə, vətəndaş cəmiyyəti və mediaya qarşı "Xarici təsirlərin şəffaflığı haqqında" qanunun qəbul edilməsindən sonra verilib. Konkret olaraq, 2022-ci ildə ayrılan vəsaitdən 12 milyon avro, 2023-cü ildə 72 milyon avro və 2024-cü ildə isə 37.3 milyon avro ya dayandırılıb, ya da yenidən bölüşdürülüb.