Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Cümhuriyyətinin elan edilməsinin 101-ci ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Aktual.ge xəbər verir ki, hökumət başçısının təbrik məktubunda qeyd edilib ki, son illərdə Gürcüstan və Türkiyə arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir ki, bu da regionda yeni imkanların yaradılmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə şərait yaradır.
Baş nazir İrakli Kobaxidzenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ünvanladığı təbrik məktubunda deyilir:
“Hörmətli Prezident, Türkiyə Cümhuriyyətinin elan edilməsinin 101-ci ildönümü münasibətilə sizi səmimi qəlbdən təbrik edir, sizə və qardaş türk xalqına sülh və rifah arzulayıram.
Son illərdə Gürcüstan və Türkiyə arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etməsini məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu da regionda yeni imkanların yaradılmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə şərait yaradır. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də Avroatlantik məkana inteqrasiya meyillərinə göstərdiyi sarsılmaz dəstəyə görə Türkiyəyə minnətdaram.
Fürsətdən istifadə edərək, Gürcüstan və Türkiyə arasında mövcud olan nümunəvi strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə Gürcüstan hökumətinin hazırlığını təsdiqləyirəm. Düşünürəm ki, ölkələrimizin səyləri regionda sülh və sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Bizim ikitərəfli və çoxtərəfli təşəbbüslərimiz regionun dayanıqlı iqtisadi inkişafı və sabitliyi üçün əhəmiyyətli əsas yaradır”.