
Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfər – 1984-cü il təvəllüdlü R.İ. və 1990-cı il təvəllüdlü E.İ. saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.
"İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər, 2024-cü il oktyabrın 26-da keçirilmiş Gürcüstan Parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlı kəndində yerləşən 69 saylı seçki məntəqəsində qanun pozuntusu edərək seçki qutusuna saxta bülletenlər atıblar.
Bu hadisə ilə bağlı Marneuli Dairə Seçki Komissiyasının qərarı ilə 69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız sayılıb. Keçirilən istintaq tədbirləri nəticəsində R.İ. və E.İ. təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu cinayət iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 164-cü maddəsi ilə aparılır ki, bu da seçkilərlə bağlı sənədlərin: seçici siyahılarının, protokolların, bülletenlərin, qeydiyyat jurnallarının və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutur" , - məlumatda deyilir.
Nə baş verib?
26 Oktyabr günü Gürcüstanda keçirilən Parlament seçkilərində Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov 69 saylı seçki məntəqəsində toplu şəkildə seçki bülletenlərini sandığa atdığı görünlər sosial şəbəkədə yayılıb. Yayılan görüntülər ölkə miqyasında müzakirə predmetinə çevrilib. 27 Oktyabr tarixində Rövşən İskəndərov Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində baş verən hadisəyə münasibət bildirib və özünün "Facebook" hesabında paylaşım edib.
"Bu, böhtandır, guya mən seçkiləri saxtalaşdırmaq məqsədilə seçki qutusuna bülleten atmışam. Fakt belə idi: Mən seçki məntəqəsində izdihamı və qarışıqlığı görəndə dərhal içəri keçib vəziyyəti öyrənməyə çalışdım və məlum oldu ki, müxalifət nümayəndələri görünməmiş həyasızlıqla seçki qaydalarını pozublar. Hisslərimi saxlaya bilməyib əsəbiləşdim və bülletenləri əlindən götürüb qutuya qoydum" , - deyə Rövşən İskəndərovu yazıb.