"Kağızı da onlar seçdi, markerləri də, zərfləri də, indi də gəlib Gürcüstan xalqına deyirlər ki, ‘sizin seçkiniz keçərli deyil, daha 100 milyon xərcləməliyik və kiminsə arzuladığı adamların qalib gəlmədiyi üçün yeni seçkilər keçirməliyik’ ".
Aktual.ge xəbər verir ki, bunları Parlamentin sədri Şalva Papuaşvili "Gürcü Arzusu" partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstanda 2021-ci ildən bu yana keçirilən bir neçə seçkidə eyni inventar istifadə olunub və həmin vaxt nə müxalifətin, nə də qeyri-hökumət təşkilatlarının bununla bağlı hər hansı iradı olmayıb.
“Seçkidən beş gün sonra kəşf ediblər ki, bülletendən mürəkkəb sızıb və bu, onların yapışacağı "saman çöpüdür". Xanım Salomeyə də dair dezinformasiya yaydılar, guya görünür kimə səs verib – halbuki test üçün istifadə edilən işarə üst hissədədir.
2 milyon 60 min nəfər səs verdi, anlayıram ki, bəzi sözlər deyilə bilər, amma biz seçkidə idik və bilmirikmi səsimizi necə verdik və gizli idi, ya yox?! Ciddənmi, bu qədər asanlıqla insanları aldatmaq olar?
Beşinci gün, QHT-lər heç nə uydura bilmədikdə, çıxıb dedilər ki, bu seçki tamamilə ləğv edilməlidir, çünki mürəkkəb sızıb – əsas məsələ budur.
ATƏT/ODİR-in öz hesabatında bu məsələyə dair heç bir qeyd yoxdur; onlar bu sistemi yaxşı bilirlər. Canlı yayımda görmüşəm ki, cənab Sioridze bu barədə danışa bilmir, çünki bu seçkilərin necə keçirildiyini yaxşı bilir. Mərkəzi Seçki Komissiyasında müxalifətin də nümayəndələri iştirak edirdilər – kağızı, markerləri, zərfləri müxalifət özü seçmişdi. İndi isə gəlib Gürcüstan xalqına deyirlər ki, ‘sizin seçkiniz keçərli deyil, daha 100 milyon xərcləməliyik və kiminsə arzuladığı adamların qalib gəlmədiyi üçün yeni seçkilər keçirməliyik’" , - deyən Şalva Papuaşvili sözlərinə belə davam edib:
"Ən əsası, eyni kağız, eyni zərflər, eyni markerlərlə 2021-ci ildə Krtsanisidə keçirilən yerli özünüidarə seçkiləri, 2022-ci ildə Batumidə, 2022-ci ildə Senakidə, 2023-cü ildə Poti şəhərində keçirilən parlamentin aralıq seçkiləri və müxtəlif yerlərdə keçirilən mer və bələdiyyə seçkiləri də keçirilib. Hər dəfə müxalifət, QHT-lər və xalq iştirak edib, indiyədək heç kimdə irad yaranmayıb. QHT-lərin hərəkətləri tam bir absurd təşkil edir və məsuliyyət artıq donorlarının üzərinə düşür. Bəzi dairələr gürcü xalqının seçimini bəyənməyib və indi iki yol var: ya gürcü xalqını buradan köçürsünlər və istədikləri adamları təyin etsinlər, ya da bu seçimi qəbul etsinlər və hazırda çoxları bu ikili seçimlə üz-üzədir".