
"Avropa Komissiyasının genişlənmə hesabatı dünən yayımlandı və burada Gürcüstanın atdığı addımlar haqqında danışılır. Ümumi qiymətləndirməyə əsasən, Gürcüstan Avropa İttifaqına üzvlük yolunda irəliləyir. Biz Avropa Komissiyasının hesabatını müsbət qiymətləndiririk".
Aktual.ge xəbər verir ki, bunları “Gürcü Arzusu” partiyasının siyasi şurasının üzvü, Parlamentin sədri Şalva Papuaşvili partiyanın mərkəzi ofisində keçirdiyi brifinqdə bildirib.
"Avropa Komissiyasının qiymətləndirməsinə görə, son bir il ərzində otuz beş başlıqdan on ikisində Gürcüstan yaxşı irəliləyiş əldə edib, on üç başlıqda isə müəyyən irəliləyiş qeydə alınıb. Bu, çox açıq bir sübutdur ki, seçkilərlə əlaqədar məhdud vaxt və müxalifət, eləcə də QHT sektorunun daimi maneələrinə baxmayaraq, Gürcüstan Avropa İttifaqına inteqrasiya yolunda mühüm addımlar atmışdır.
Diqqət çəkən məqam odur ki, hesabatda otuz beş başlıqdan yalnız bir başlıqda, yəni ədliyyə və fundamental hüquqlarla bağlı olan sahədə Avropa Komissiyası tərəfindən geriləmə qeyd olunub. Həmçinin, hesabatda bu cür qiymətləndirmənin əsas səbəbi kimi Komissiya aşağıdakı məsələləri göstərir: gender kvotalarının ləğvi, 'şəffaflıq qanunu'nun qəbul edilməsi, 'ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında' qanunun qəbul edilməsi və LGBT paradının keçirilməməsi.
Qeyd etmək lazımdır ki, bu başlıq üzrə bizim qiymətləndirməmiz Ukrayna və Moldova ilə eyni səviyyədədir, lakin fundamental məsələlər qrupu üzrə Gürcüstan həm Moldova, həm də Ukraynanı qabaqlayır" , - deyə Şalva Papuaşvili qeyd edib.
Məlumat üçün bildirək ki, Avropa İttifaqının ortaq xarici və təhlükəsizlik siyasəti ilə Gürcüstanın uyğunluq səviyyəsi hələ də əhəmiyyətli dərəcədə aşağıdır, yəni 49% təşkil edir. Bu barədə Avropa Komissiyası tərəfindən dərc edilən genişlənmə hesabatında qeyd olunub.