
"Millətimiz Gürcüstanını necə lazımdırsa elə sevən, qeyrətli və mübariz insanlardan ibarətdir, hər şeyin yerini də gözəl bilir. Ancaq millətimizin adını ləkələyən bəzi şəxslərin kim olduğunu da hamı yaxşı tanıyır".
Aktual.ge xəbər verir ki, bu fikirləri müxalif "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Ceyhun Məhəmmədəli sosial şəbəkədə yazıb.
"Bu seçki prosesində yenə adımız hallandı, elə bil ən geridə qalan bizik, sanki yalnız biz problemlər yaradırıq. Əslində bunu belə göstərənlər utansın. Öz aramızdan olan bəziləri şəxsi komfortları üçün millətimizi gözdən salaraq hər cür çirkinliyə əl atdılar.
Biri kiməsə görə xalqın səsini saxtalaşdırıb qutuya doldurdu, digəri başqasının istəyi ilə kimisə döydürdü və sonda bütün sosial mediada millətimizin adı bu şəxslərə görə ləkələndi və təhqir edildi.
Bu vəziyyətə "qurunun oduna yaş da yanır" deyirlər. Müxalifəti yox, milləti bu hala salanları qınamaq lazımdır. Nə deyərlər, çakkal hər meşədə olur" , - deyə Ceyhun Məhəmmədəli qeyd edib.