Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyalarının və Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının (GYLA) şikayətlərini təmin etməyib.
Aktual.ge xəbər verir ki, müxalifət və sözügedən təşkilat 26 oktyabr Parlament seçkilərində məxfiliyin pozulması səbəbindən 73 dairənin nəticələrinin ləğvini tələb edirdilər.
MSK sədri Giorgi Kalandarişvili şikayətləri əsassız adlandırıb.
Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nona Kurdovanidzenin sözlərinə görə, bugünkü iclas göstərdi ki, MSK-nın neytral üzvləri formal olaraq belə neytrallığı qoruya bilmirdilər və bəziləri birbaşa olaraq Gənc Hüquqşünaslar Assosiasiyasına qarşı son günlər iqtidar tərəfindən irəli sürülən eyni ittihamları səsləndirirdilər.
"O cümlədən, ümumiyyətlə müzakirə olunan məsələ ilə əlaqəsi olmayan suallar verirdilər. Məsələn, müşahidəçilərimiz üçün keçirilən təlimlərin məzmununu donorlarla razılaşdırırıqmı, deyə soruşurdular.
Buna baxmayaraq, bu iclasdan maraqlı bir təsdiq də aldıq - Gürcü Arzusu tərəfindən təyin edilmiş üzv təsdiqlədi ki, məntəqələrdə olan kameralar onlara məxsusdur.
Biz bu məsələ üzrə mübahisəni mütləq davam etdirəcəyik və müşahidəçi təşkilatın istifadə edə biləcəyi bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik" , - deyə o, qeyd edib.