Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, Marneuli Meriyasının Sosial Xidmət rəhbəri Nino Xaraişvili və Dövlət qulluqçusu Daur İsmayılovun səs yazıları yayılıb.
Aktual.ge xəbər verir ki, gizli səs yazılarını "Tvpirveli" telekanalı əldə edib və Çərşənbə günü hazırladığı xüsusi süjetdə yayımlayıb.
Süjetdə deyilir ki, Amiran Giorqadze, Nino Xaraişvili və Daur İsmayılov xüsusi "Çağrı mərkəzi" təsis edib. Üstəlik qeyd olunub ki, bu "Çağrı mərkəzi"nin işi 26 oktyabr Parlament seçkiləri günü əhalini hakim partiyaya səs verməyə gətirmək olub.
Qeyd olunub ki, "Çağrı mərkəzi"nə daxil olan insanlara "Kaptan" adı verilib və "Kaptanlar"ın işi təbliğatçıları idarə etmək və xalqı seçkilərə gətirərək "Gürcü Arzusu"na səs verdirmək olub. "Kaptanların Kaptanı" isə Marneuli Meriyasının Sosial Xidmət rəhbəri Nino Xaraişvili müəyyən edilib. O, isə öz növbəsində Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadzeyə tabe olub.
"Tvpirveli"nin əldə etdiyi səs yazısında Marneuli Meriyasının Sosial Xidmət rəhbəri Nino Xaraişvili seçkilər günü hakim partiyanın geriləmə içində olduğunu bildirib və təşviqatçıların fəal işləmələrini və məntəqəyə aparılan insanların siyahısını tələb edib. Çox ehtimal ki, səs yazıları "WhatsApp" platforması üzərindən göndərilib.
Belə ki, dialoq onlar arasında belə olub:
Nino Xaraişvili: "Kapitanlar, bir daha salam, bütün məsul şəxslərlə əlaqə saxlayın, tapşırıq çox vacib və təcilidir. Kimin məntəqəyə gedib, kimin səs verdiyinin siyahısını çatdırsınlar, bütün məsul şəxslərə bir-bir zəng edin".
Daur İsmayılov: "Biz kapitanlara zəng edirik ki, "aqitatorlar" fəal olsunlar, xalqı məntəqəyə aparsınlar və bizim operatorlara zəng etsinlər.
Nino Xaraişvili: "Bacardığınız qədər tez-tez zəng edin, bir saat ərzində məlumat verməsələr, yenidən zəng edin. Gətirilənlərin hamısı hesabatda qeyd olunmalıdır. Çox böyük geriləməmiz var".
Daur İsmayılov: "Əgər əlaqə saxlaya bilməsək, zona rəhbərlərinə zəng edin, təşviqatçıları sıxışdırsınlar ki, sizə zəng etsinlər. Çox xahiş edirəm. Yenidən yoxlamanıza ehtiyac yoxdur. Onun başını buraxın, siz aqitatorlarla əlaqə saxlayın ki, kimi gətirdiyinin adını və soyadını desin. Bu çox önəmlidir".
"Tvpirveli"nin yayımladığı süjetdə qeyd olunub ki, Axıl Lələ məktəbinin əməkdaşı Əsəd Samarov məsul şəxslərdən biri olub. Samarovun vəzifəsi küçə-küçə adamları toplayıb, onları 41-ə səs vermək üçün məntəqəyə aparmaq olub.
Əsəd Samarov sözügedən telekanala müsahibəsində deyib: "Bəli, 'Gürcü Arzusu'na kömək edirdim. Mən 41-in tərəfdarlarının seçki məntəqələrinə gətirilməsinə cavabdeh idim. Günün sonunda ümumilikdə 15-16 reys etdim. Mənə pul verməyiblər, ancaq benzin talonları hədiyyə etdilər".
Süjetdə bildirilib ki, "Çağrı mərkəzi"nin işçilərinə əmək haqqı nağd şəkildə, bank transferi olmadan ödənilib. Üstəlik qeyd olunb ki, bu, "Çağrı mərkəzi" işçilərindən biri də Marneuli Bələdiyyə Məclisinin deputatının övladı olub.
Daur İsmayılov: "Bütün kapitanlardan xahiş edirəm, aqitatorlara zəng edin adamlarını gətirsin. Zəng edin, zona rəhbərlərinə zəng edin. Xahiş edirəm bunu bizdən... Bunu bizdən yenə Tbilisidən deyirlər... Marneulidən çox az adam gedibdir, Marneuli siyahısından çox az adam... MSK-da göstərilir ki, başqa cür siyahıdır, biz onlardan çox-çox geri qalırıq, yəni ki, yükləmirik. Xahiş edirəm qrupda aktiv olun-aktiv olun. Bizdən hesabat gözləyirlər. Bütün kaptanlar hamsına xahiş edirəm, zəng edin aqitatorlara, zonanın rəhbərlərinə xalqı gətirsin seçkiyə, layk verərək bunu təsdiqləyin ki, mən bilim bunu kim qəbul etdi" , - Daur İsmayılov "Çağrı mərkəzi" qrupuna göndərdiyi səsli mesajda deyib.
"Hamsına deyin, mütləq aqitatorlara zəng edib deyin ki, mütləq və mütləq sizə zəng edib bildirsənlər. Bu çağrı mərkəzi ona görədir... Baş nazirində tapşırığı budur" , - Daur İsmayılov ikinci səsli mesajında söyləyib.
Telekanalın süjetində yayımlanan növbəti səs yazısında isə əməkdaşlıq etməyən təşviqatçıların siyahısı tələb olunub:
Daur İsmayılov: "Əgər hər hansı təbliğatçı sizinlə əməkdaşlıq etməsə, mütləq həmin şəxsin adını və məntəqənin nömrəsini mənə yazın. Daha sonra onun çarəsinə baxacağam.
Nino Xaraişvili: "Sizə tapşırığım var. Birinci tapşırıq: hər bir təbliğatçı ilə əlaqə saxlayın. Tələb edin ki, tez bir zamanda məlumat versinlər, əgər verməsələr, deyin ki, mərkəzi ofisə zəng edəcəyik. İkinci məsələ isə, əgər hər hansı təbliğatçı sizinlə əməkdaşlıq etmirsə və ya zənginizə cavab vermir, kobudcasına cavab verirsə, mütləq mənə yazın. Gözləyirəm, tez bu tapşırıqları yerinə yetirin!"
Marneuli Meriyasının Sosial Xidmətlər rəhbəri Nino Xaraişvili günün sonunda sadəcə fəal işləyən təşviqatçıların məbləğ alacağını bildirib. Daur İsmayılov isə maliyyə ilə bağlı Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze ilə danışacağını və heç bir narahatçılığa ehtiyac olmadığını söyləyib.
Nino Xaraişvili: "Mən kimlərin məntəqədə işlədiyi və kimləri işləmədikləri ilə bağlı məlumatlıyam. Xahiş edirəm ki, kim ki, məntəqədə işləmədi, boşuna buraya gəlməsin, kim ki, işlədi, onlar gəlib maaşlarını götürsünlər".
Daur İsmayılov: "Amiran bəy ilə mütləq maliyyə haqqında danışacağıq. Mütləq ödəniş alacaqsınız, buna görə narahat olmayın".
Nino Xaraişvili: "Kimin ki, bank hesabı yoxdur, onların pulunu zona rəhbərlərindən göndərəcəyik ya da özünüz gəlib buradan götürərsiniz".
Qeyd edək ki, "Tvpirveli" yayımladığı süjetdə səs yazılarının necə əldə olunduğuna dair məlumat verməyib.