Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Bu barədə Hökumət Administrasiyasından Aktual.ge xəbər portalına məlumat verilib.
Həmin məlumata görə, üzbəüz görüş BMT-nin İqlim Dəyişiklikləri üzrə 29-cu Konfransı çərçivəsində Bakıda keçirilib.
"Tərəflər konfransda müzakirə olunan məsələlər və iki ölkə arasında strateji tərəfdaşlıq barədə danışıblar. Müxtəlif sahələrdə uğurlu əməkdaşlıq və ölkələrin, həmçinin regionun inkişafı üçün regional əhəmiyyətli birgə layihələrin rolu vurğulanıb.
Görüş zamanı regionda mövcud olan təhlükəsizlik çağırışlarına da diqqət yetirilib. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasına maksimum dəstək göstərməyə hazır olduqlarını təsdiqləyiblər.
İrakli Kobaxidze İlham Əliyevi Gürcüstana rəsmi səfərə dəvət edib" , – deyə məlumatda qeyd olunub.