Avropalı yüksək vəzifəlilər Tbilisidə aksiyaçılara müraciət ediblər
11.11.2024 22:56
694
Siyasət
A
Avropalı yüksək vəzifəlilər Tbilisidə aksiyaçılara müraciət ediblər

Tbilisidə "Biz Avropayıq" adlı aksiyada Avropa İttifaqına üzv 8 ölkənin Parlamentinin Xarici Əlaqələr Komitələrinin sədrləridə qoşulub.

Aktual.ge xəbər verir ki, Parlamentin önündə baş tutan aksiyada çıxış edən Almaniya Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot aksiyaçıları təslim olmamağa çağırıb.

"Tərəfimizdən dəstək göstərmək arzumuz var. Gürcü dostlarımdan bilirəm ki, yorulmusunuz, amma təslim olmayın, əziz dostlar. Biz sizin yanınızdayıq. Mən tamamilə idarəedici partiyanın qlobal müharibə tərəfdarlarına qarşı tənqidinə qoşuluram, bəli, belə bir qlobal müharibə tərəfdarı mövcuddur və bu, yalnız sizin üçün deyil, həm də Almaniya, Fransa, İspaniya, İtaliya, Yunanıstan, Rumıniya, Bolqarıstan üçün təhlükədir. Bu qlobal müharibə tərəfdarı Rusiyadır, rus imperializmidir" , - deyə Mixail Rot aksiya iştirakçılarına müraciət edib və əlavə edib: "Əgər Ukraynalı dostlarımız qalib gəlməsələr, növbəti siz olacaqsınız, növbəti Moldova olacaq, daha sonra Ermənistan".

İsveç Parlamentinin Avropa İttifaqı işləri komitəsinin sədri Erik Otosson Rustaveli Prospektinə toplaşan etirazçılara müraciətində deyib:

"Mən bu gün sizinlə birlikdə olduğum üçün minnətdaram. Mənim siyasi şüuruma ilk təsir edən təcrübələrdən biri Gürcü xalqının Rusiya təcavüzünə qarşı durması oldu. Gürcü xalqının cəsarəti mənə o qədər təsir etdi ki, bu gün burada sizin qarşınızdayam, azadlığınız, demokratiyanız və Avropadakı yeriniz uğrunda mübarizə aparırsınız".

Polşa Parlamentinin Xarici Əlaqələr və Avropa İttifaqı işləri komitəsinin üzvü Mixau Kaminski isə çıxışında qeyd edib:

"Sizin seçkilərinizi oğurlamaq istəyənlərə, səslərinizi və azadlığınızı ələ keçirmək istəyənlərə, biz ukraynalı əsgərlərin sözlərini təkrar edirik - 'Rus hərbi gəmisi…' - Heç kim sizin səslərinizi oğurlamağa cəsarət etməsin, Gürcüstan azad olacaq".

O, çıxışı zamanı həmçinin 2008-ci il avqust müharibəsi zamanı Rustavelidə sabiq Prezident Mixeil Saakaşvili ilə birlikdə dayandığını xatırladıb və onun azad olmalı olduğunu vurğulayıb.

Finlandiya Parlamentinin Müdafiə Komitəsinin sədri Yuuka Kopra aksiyaçılara belə müraciət edib:

"Təslim olmayın. Siz Avropasınız. Sizin həqiqətən demokratiyanı önə çəkmək gücünüz var. Biz buradayıq ki, sizə demokratiya və Avropa İttifaqı yolunda dəstək olaq. Siz Avropasınız, biz Avropayıq və biz hamımız Avropayıq. Bir daha - bu yoldan dönməyin. Özünüzə, azad və ədalətli seçkilərə inanın, azadlığa inanın. Azadlıq qalib gələcək və demokratiya Gürcüstanda bərqərar olacaq".

ŞƏRH YAZ
3