
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun protokolunu təsdiq edib.
Aktual.ge xəbər verir ki, MSK sədri Giorgi Kalandarişvilinin imzaladığı protokola görə, hakim “Gürcü Arzusu” partiyası 150 mandatdan 89-nu qazanıb.
Həmçinin, Gürcüstan parlamentinə əlavə dörd siyasi qüvvə daxil olub:
“Dəyişikliklər üçün Koalisiya” - 19 mandat
“Birləşmə – Milli Hərəkət” - 16 mandat
“Güclü Gürcüstan” – 14 mandat
“Gürcüstan üçün” – 12 mandat
Qeyd edilib ki, Gürcüstanın hakim partiyası təxminən 54% seçici səsi qazanaraq dördüncü dəfə hakimiyyəti qoruyub saxlayıb.
Gürcüstan prezidenti yeni seçilmiş parlamentin ilk iclasını təyin etməlidir və bu, on gün ərzində olmalıdır. Ehtimal ki, Dövlət başçısı yeni parlamentin ilk iclasını təyin etməyəcək. Bundan əvvəl Prezident 26 Oktyabr Parlament seçkilərinin nəticələrini tanımadığını bəyan etmişdi.
Baş nazir İrakli Kobaxidze iclasın prezidentin qərarından asılı olmayaraq keçiriləcəyini bildirmişdi.