Qurcaani bələdiyyəsinin Kardenaxi kəndində iki nəfərin qətlinə dair əlavə detallar məlum olub. Hələlik üçüncü şəxsin qətldə iştirak edib-etmədiyi müəyyən edilməyib.
Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, yerli sakinlərin versiyasına görə, münaqişədə olan şəxslər bir-birinə odlu silahla atəş açıblar, nəticədə hər ikisi həlak olub.
Mövcud məlumatlara görə, qətlin motivi qisas olub. Tərəflər arasındakı münaqişə bir neçə il davam edib və son dövrdə xüsusilə kəskinləşib. Yerli sakinlərin sözlərinə görə, tərəflər arasında əvvəllər dəfələrlə fiziki qarşıdurmalar olub və odlu silahdan istifadə edilib. Lakin keçmişdə baş vermiş hadisələrə polis necə reaksiya verib, məlum deyil.
Bu gün baş verən qətldən sonra kriminal polis yalnız hadisə yerində deyil, alınan operativ məlumatlar əsasında bir neçə digər yerdə də istintaq hərəkətləri aparıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır ki, bu da iki və ya daha çox şəxsin ağırlaşdırıcı hallarda qəsdən qətlə yetirilməsini nəzərdə tutur.